Ağ Evin həkimi: Trampın ağlı başındadır

OXUNUB: 573 DÜNYA

Aparılan koqnitiv (idrakla bağlı) müayinədən sonra prezident Donald Trampda hər hansı anormallıqlar aşkarlanmayıb və onun fiziki və zehni səhhəti əla vəziyyətdədir.

Bu barədə BBC-nin Ağ Evin həkimi Ronni Ceksona (Ronny Jackson) istinadən yaydığı xəbərdə deyilir.

Ağ Ev rəhbərinin "ağlının başında” olmaması ilə bağlı iddialarla üzləşən Donald Tramp ötən həftə Merilendin "Walter Reed” Tibb Mərkəzində üç saat davam etmiş müayinədən keçib. Bu Trampın prezident olduqdan sonra ilk çekap müayinəsi olub.

Ağ Evin həkimi Ronni Cekson  jurnalistlər üçün keçirdiyi brifinqdə prezidentin ümumi səhhətinin əla vəziyyətdə olduğunu diqqətə çatdırıb.

"Bütün müayinə nəticələri onu göstərir ki, prezident fiziki və zehni baxımdan sağlamdır və onun səhhətinə hər hansı təhlükə yoxdur”, - deyə həkim bildirib. 

"Ömrüboyu siqaret və spirtli içkidən uzaq durduğuna görə, bu, onun ümumi səhhətinə əhəmiyyətli dərəcədə təsir edib, heç bir kardioloji problemi də yoxdur”.

Habelə həkim 71 yaşlı prezidentə az yağlı yeməklərdən ibarət pəhriz saxlamağı və idmanla məşğul olmağı tövsiyə edib.

Xatırladaq ki, Trampın koqnitiv bacarıqlarının normal olmaması ilə bağlı iddialar  Maykl Volfun  "Alov və Qəzəb: Trampın Ağ Evində” adlı qalmaqallı kitabının işıq üzü görməsindən sonra gündəmə gəlib. Kitabda müəllif Ağ Ev administrasiyasının ona "əylənmək istəyən kaprizli uşaq” kimi yanaşdıqlarını dilə gətirmişdi. Tramp öz müdafiəsində zehni qabiliyyətinin tam normal olduğunu və kitabın "başdan-ayağa yalan və böhtandan ibarət olduğunu bildirmişdi./oxu

İcmal.Az

RƏYLƏR