Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha 2 oyunu keçiriləcək.
Qarşılaşmalar bölgələrdə təşkil olunacaq.
Əvvəlcə "Kəpəz"lə "Zirə" üz-üzə gələcək. Bu matç Gəncə şəhər stadionunun ot örtüyündəki təmir işləri ilə əlaqədar Yevlax şəhər stadionuna salınıb. İlk turda "Kəpəz" səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzubsa, "Zirə" evdə eyni hesabla "Səbail"ə qalib gəlib. Ümumilikdə isə bu komandalar indiyədək 8 dəfə üz-üzə gəlib. Bunların 3-də "Kəpəz", 2-də "Zirə" üstün olub, 3 oyunda qalib müəyyənləşməyib. Topların nisbəti də "Kəpəz"in xeyrinədir - 10:8. Digər tərəfdən, əvvəlki qarşılaşmalarda səfər komandaları qələbə qazanmayıblar. Son 4 görüşdə meydan sahibi qol buraxmadan qalib gəlib. Saat 17:00-da başlanacaq matçı Rəvan Həmzəzadə idarə edəcək.
Turun son matçı isə "Qəbələ" ilə "Sumqayıt" arasında olacaq. Hər iki komanda ilk turu qələbə ilə başa vurub. Ev oyunundan qalib ayrılan "Sumqayıt" kimi "Qəbələ" də səfərdə "İnter"i yenməyi bacarıb - 2:1. Əvvəlki 20 matçın 13-də "Qəbələ”, 2-də "Sumqayıt” üstün olubsa, 5 görüşdə qalib müəyyənləşməyib. Topların nisbəti də "qırmızı-qaralar"ın xeyrinədir - 38:16. Bununla yanaşı, "Qəbələ” indiyədək baş tutmuş bütün oyunlarda qol sevinci yaşayıb. "Sumqayıt” isə 10 səfər qarşılaşmasında yalnız 1 xal qazanıb. Saat 20:00-da start götürəcək oyun FİFA referisi Əliyar Ağayevə tapşırılıb.
Azərbaycan Premyer Liqası
II tur
20 avqust (bazar)
17:00. "Kəpəz” – "Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Yevlax şəhər stadionu
20:00. "Qəbələ” – "Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, ilk oyun günündə "Səbail" "Neftçi"ni, "Qarabağ" "İnter"i minimal hesabla yenib - 1:0./report
İcmal.Az