Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 12 ölkədən 100-dək avarçəkənin iştirakı ilə Qarabağda- ilk dəfə Füzulidə keçiriləcək beynəlxalq "Mingəçevir Reqatası-2024” öncəsi Füzulidə yeni salınan şəhərcikdə yerli sakinlərlə görüş keçirib. Tədbir zamanı xüsusi ayrılmış ərazidə federasiyanın son illərdəki fəaliyyəti və "Mingəçevir Reqatası” haqqında sakinlərə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası buna qədər işğaldan azad olunmuş ərazilərimizdən Suqovuşanda "Prezident Kuboku” və "Mingəçevir Reqatası” kimi beynəlxalq yarışlar keçirib. Federasiya daha bir ilkə imza ataraq "Mingəçevir Reqatası-2024”-ün açılış mərasimini Füzulinin işğaldan azad olunması günündə, oktyabrın 17-də Aşağı Köndələnçay su anbarında təşkil edəcək. Yaxın gələcəkdə su anbarında avarçəkmə məşqlərinin keçirilməsi üçün də şərait yaradılacaq.
Tədbir zamanı "Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimindən sonra Aşağı Köndələnçay su anbarında avarçəkmə idman növündə özünü sınamaq istəyən yeniyetmə və gənclər arasında qeydiyyat aparılıb. Görüş yerli sakinlər tərəfindən böyük maraqla qarşılanıb.