Bu, mənə qarşı gülünc ittihamdır - Emin Ağalarov

OXUNUB: 47 ŞOU-BİZNES

Müğənni Emin Ağalarov "Vice News” telekanalının jurnalistlərinə bildirib ki, ABŞ-da seçkilərin nəticələrinə heç vaxt müdaxilə etməyə çalışmayıb.

Sənətçi müsahibəsində bu barədə ünvanına deyilən ittihamları gülünc hesab edib:

"Məni ABŞ-da keçirilən son seçkilərə müdaxilədə günahlandırırlar. Çünki ABŞ prezidenti Donald Trampı şəxsən tanıyıram. Məni - Azərbaycandan olan və Moskvada yaşayan oğlanı... Bu çox qəribə və gülünc ittihamdır".

Əvvəllər, xüsusilə ABŞ Demokratlar partiyasının tərəfdarları Amerika seçkilərinə Emin Ağalarovun müdaxilə etmək cəhdlərinin olması barədə iddialarla çıxış edib.

Ağalarov bildirib ki, o və onun atası Las-Veqas şəhərində Donald Trampla görüşərək "Kainat Gözəli" müsabiqəsinin Rusiyada keçirilməsi haqqında 2013-ci ildə Rusiyada razılığa gəlib. Müğənni müsahibəsində bildirib ki, Tramp müsabiqəyə Rusiya prezidenti Vladimir Putinin dəvət olunmasını təklif edib. Ağalarov əlavə edib ki, Trampın bu istəyi baş tutmayıb, çünki dövlət başçısı həmin ərəfədə məşğul olub.

Qeyd edək ki, E.Ağalarov Trampla dostluq əlaqələri ilə seçilir. O, sosial şəbəkə hesabında tez-tez Trampla fotolarını paylaşır. Emin Ağalarov yeganə azərbaycanlıdır ki, ABŞ prezidenti Tramp onun klipində yer alıb.

Xatırladaq ki, ABŞ-da Demokratlar partiyasının Milli komitəsi 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxiləyə görə Rusiya hökumətini, Baş Kəşfiyyat İdarəsini (QRU), WikiLeaks saytının qurucusu Culian Assancı, Donald Trampın seçki qərargahını, habelə azərbaycanlı oliqarx Araz Ağalarovu və oğlu Emin Ağalarovu məhkəməyə vermişdi.

Tramp və onun köməkçiləri Rusiya rəsmiləri ilə seçkiqabağı kampaniya dövründə hər hansı qanunsuz görüşlərin baş tutmasını rədd edib. Moskva həmçinin ABŞ-da seçkilərin gedişinə təsir göstərmək cəhdləri barədə iddialarını təkzib etdi./publika

 

İcmal.Az

RƏYLƏR