Ərdoğan Tsiprasla türk hərbçilərin ekstradisiyasını müzakirə etdi

OXUNUB: 838 DÜNYA
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Çinə səfəri çərçivəsində Yunanıstanın baş naziri Aleksis Tsipras ilə görüşüb. 

Görüşdə dövlət çevrilişi cəhdində ittiham olunan 8 türk hərbçinin ekstradisiyası məsələsi müzakirə edilib.

Qeyd edək ki, Afina Apelyasiya Məhkəməsi ötən həftə hərbi çevriliş cəhdində ittiham olunan 8 türk hərbçidən ikisinin ekstradisiya olunmasına dair Türkiyə hökumətinin sorğusunu təmin etməkdən imtina edib. Xatırladaq ki, Türkiyədə ötən ilin iyulunda çevriliş cəhdinin qarşısı alındıqdan sonra türk ordusunun 8 zabiti helikopterlə Yunanıstana qaçıb. Bundan əvvəl məhkəmə daha 6 fərarinin ekstradisiyasına dair sorğunu rədd edib.  

Ərdoğan-Tsipras görüşünün qapalı şəraitdə keçdiyi bildirilir. Görüş bir saatadək davam edib. Türkiyə liderinin administrasiyasındakı mənbənin məlumatına görə, Ərdoğan görüşdə Afinanın imtinasının iki ölkə münasibətlərində problemə səbəb olduğunu qeyd edib.  

Ərdoğan Ankaranın hərbçilərin ekstradisiyası məsələsində Afinanın müvafiq addımlar atacağını gözlədiyini qeyd edib.  

Ərdoğan və Tsipras, həmçinin Kipr münaqişəsinin nizamlanması mövzusuna toxunublar. Tərəflər nizamlanmaya nail olmaq və dialoqun davam etdirilməsi üçün səylərin artırılmasının vacibliyini qeyd edib.

Liderlər, həmçinin Egey dənizi hövzəsində gərginliyin azaldılmasının və digər məsələlərin dialoq yolu ilə həll edilməsinin vacibliyini vurğulayıblar.  

Qeyd edək ki, Ərdoğan Pekinə səfəri çərçivəsində Pakistanın baş naziri Navaz Şərif və Macarıstanın baş naziri Viktor Orbanla görüşüb.  

Xatırladaq ki, mayın 14-də Pekində "Bir kəmər - bir yol" İpək Yolu ölkələrinin forumu öz işinə başlayacaq. Forumda 29 ölkənin rəsmi şəxslərinin iştirakı gözlənilir. /apa
İcmal.Az 

RƏYLƏR