Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin Qətərə qarşı irəli sürdüyü 13 maddəlik tələbnamənin qəbul edilməsi üçün verilən vaxt başa çatıb. Körfəz ölkələri rəsmi Dohaya əlavə 48 saat vaxt veriblər.
İCMAL.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə
görə,Qətərə blokada tətbiq edən ölkələr bu qərarı böhranın aradan
qaldırılması üçün vasitəçilik missiyasını üzərinə götürən Küveytin tələbi ilə qəbul
ediblər.
Qətərin xarici işlər naziri Məhəmməd ibn Əbdürrəhman Əl-Tani daha əvvəl verdiyi
açıqlamada bəyan etmişdi ki, ölkəsi tələbnamədə irəli sürülən tələbləri qəbul
etmir: "Qətər böhrandan çıxmaq üçün Körfəz ölkələri ilə danışıqlar aparmağa
hazırdır. Bu niyyətlə danışıqlar masasına oturmağa hazırıq. Qətər regional təhlükəsizlik
və sabitliyə dair məsələləri müzakirə etmək üçün danışıqlar masasının ətrafına əyləşmək
niyyətindədir”.
Qeyd edək ki, Qətərə təqdim olunan siyahıdaİranla diplomatik münasibətlərin
dayandırılması, İrandakı ofislərini bağlaması, həmçinin İranla hərbi sahədə əməkdaşlığa
son qoyması, "Müsəlman qardaşlar", İŞİD, "əl-Qaidə" və
"Hizbullah" kimi terror təşkilatları ilə əlaqələri dayandırması, bu təşkilatları
rəsmi olaraq terrorçu elan etməsi; "əl-Cəzirə" və digər media
qurumlarını bağlaması da tələb olunur. Bundan başqa Qətərdən Türkiyənin bu ölkədə
hərbi iştirakına son qoyulması tələbi də var.
Xatırladaq ki, iyunun 5-dən etibarənSəudiyyə Ərəbistanı, Misir, Bəhreyn,
Birləşmiş Ərəb Əmirlikləri Yəmən, Liviya və Maldiv Adaları və digər dövlətlər Qətərlə
diplomatik əlaqələri kəsib. Buna səbəb kimi Qətərin Bəhreynə qarşı apardığı
siyasətin bölgədə təhlükəsizliyə mənfi təsir göstərməsi və bu ölkənin daxili
işinə qarışması, media vasitəsilə gərginliyi davam etdirməsi, terrorizmi dəstəkləməsi
və İranla əlaqələrin qurulmasına kömək etməsini əsas səbəb kimi göstərilib.