Şuşanın dağları, başı dumanlı...

OXUNUB: 1267 KÖŞƏ
Dağlar təkcə üstündən karvan yerimədiyinə, ayaqaltı olmadığına görə deyil, göylərdə təsəvvür etdiyimiz Göy Tanrıya yaxın olduqlarına görə pak, əziz və müqəddəsdi.
İllər uzunu dağ başındakı qalalarımıza boylanan düşmənlər bu ucalığa yaxınlaşdıqca başlarından papaqları düşdü; sinələrinə döyənlər dağ başındakı qalalarımıza dəyib çilik-çilik oldu. Ona görə də dağları düşmən sipəri, dağ başındakı qalalarımızı yurdun qeyrət rəmzi saydıq...
Qarabağlıların eləcə Qala dedikləri Şuşa təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycanın ucalığı, qeyrət qalasıydı.
Şuşa qalasını işğal etməyin mümkünsüzlüyü bu şəhəri güvənc yerinə çevirmişdi. 20 Yanvar qətliamından öncə dövlət televiziyasının enerji bloku partladılanda, Azərbaycan günlərlə informasiyasız qalanda da yardıma yalnız Şuşadakı qüllə yetişmişdi. Şuşa yüksəkliyi bu yayımları bütün Azərbaycanın izləməsinə imkan verirdi.
O vaxt böyür-başı yavaş-yavaş erməni yaraqlıları ilə dolan Şuşa Azərbaycanı xəbərlə təmin etməyi öz öhdəsinə götürmüşdü. Həmin günlərdə Şuşa bütün azərbaycanlılar üçün əzəmətini daha da artırmışdı... Nə qədər ki qürurlu, əzəmətli, alınmaz Şuşa vardı, Qarabağın işğalından söhbət gedə bilməzdi.
***
«Şuşa inzibati ərazi kimi 1930-cu ildə yaradılıb. Rayona 30 kənd daxildi. Ərazisi 289 kvadrat kilometr, işğal olunan günə qədər əhalisi 24 min 900 nəfər olub. İşğal zamanı yüzlərcə itki vermişik».
«Şuşada 249 tarixi abidə, 8 muzey, rəsm qalereyası, Pənahəli xanın sarayı, 103 mədəniyyət obyekti, 27 sənaye və tikinti müəsisəsi» və ən əsası – Şuşa qalasını «itirmişik».
Vəssalam! – daha doğrusu, rəsmi məlumatlar yalnız bunlarla yekunlaşır. Ancaq biz internet saytlarında əksini tapmayan məlumatları, ən yeni tariximizin dəhşətli faciəsinin baş vermə səbəblərini unudacaq qədər yaddaşsız deyilik!
..Şuşanın işğal olunmasına gedən yol 1991-ci ilin sonlarından başlamışdı. 1992-ci ilin yanvarından faktiki olaraq Şuşa şəhəriylə bütün quru əlaqələri kəsilmişdi. Şuşanın mühasirə həlqəsi daraldıqca Azərbaycanda hakimiyyət uğrunda gedən savaş qızışırdı.
1992-ci ilin 5-6 martında Azərbaycan Xalq Cəbhəsi o dövrün hakimyyətinə təzyiqlərini istefa verincəyə qədər artırdı. Xocalı faciəsinin günahkarlarını cəzalandırmaq üçün ermənilərə qarşı səfərbər olunmaq əvəzinə hakimiyyətin istefasını tələb edənlər istəklərinə nail oldular.
Bu illər ərzində Azərbaycan fəlakətlərinin səbəbi təkcə zəif iradəli və səriştəsiz hakimiyyət yox, həm də daxili təzyiqlər idi.
Vahid hərbi komandanlığın olmaması bir yana, könüllülərdən ibarət döyüşçü hissələri arasında münasibətlər də qaydasında deyildi. Hərbi tapşırıqları yerinə yetirmək əvəzinə komandirlər yalnız şəxsi münasibətlərə görə hərəkət etməyi üstün tuturdular. Ölkə rəhbərliyi isə bu dəhşətli intriqaları həll etmək iqtidarında deyildi.
Mayın 8-də İran prezidenti Haşimi Rəfsəncaninin iştirakı ilə Ermənistan və Azərbaycan arasında atəşkəsə dair kommunike imzalanarkən Şuşa 11 minlik erməni-rus hərbi birləşmələrinin güclü hücumu qarşısında təslim oldu.
Mayın 14-də Şuşanın işğal faktından istifadə edərək yenidən hakimiyyətə qayıdan Ayaz Mütəllibova qarşı döyüş bölgəsindən çıxarılıb gətirilən hərbi hissələrdən istifadə olundu. Ermənilər Şuşadan Laçına doğru istiqamət alan gün, yəni mayın 15-də Azərbaycan Xalq Cəbhəsinin rəhbərlik etdiyi və Laçını qorumalı olan hərbi birləşmələr Bakıda Ali Məclisin binasını atəşə tutmağa başladılar. Azərbaycan Xalq Cəbhəsi Bakını, rus-erməni birləşmələri isə Laçını eyni vaxtda tutdular. Bütün dəhşəti, ağrı-acısı ilə bu bizim tariximizdir.
***
Xankəndi Şuşanın ayaqları altında, cəmi 11 kilometrliyində yerləşir. Ermənilər ən ciddi və təhlükəli hücumlara keçəndə Şuşada gurlayan qradların Xankəndinin strateji obyektlərini nişan alması kifayət idi ki, düşmən geri oturdulsun.
Şuşa strateji əhəmiyyətinə görə bütün Qarabağın özü boyda bir məkan idi. Biz demirik ki, Şuşanı sapı özümüzdən olan baltalar verib. Ancaq inana bilmirik ki, Şuşanı kimsə işğal edə bilərdi.
Çünki Şuşa tarixi boyu heç kimsəyə boyun əyməyib. Vaxtilə Qarabağ xanlığının başında dayanan İbrahimxəlil xan özündən yüz qat güclü Ağa Məhəmməd Şah Qacara qarşı Şuşa qalasına arxalanıb mübarizəyə başlamışdı. Ağa Məhəmməd Şahın ala bilmədiyi Qala yalnız xəyanət nəticəsində ələ keçdi, ancaq şuşalılar işğalçını yaşatmadılar.
***
1828-ci il Rusiya və İran arasında bağlanan «Türkmənçay müqaviləsi»nin şərtlərinə əsasən Türkiyə və İrandan Qarabağa ermənilər köçürülməyə başlasa da, Şuşa şüşə kimi təmizliyini həmişə saxladı. Qarabağlılar baş kəndlərini daim türk mədəniyyətinin mərkəzi kimi qorumağı bacardılar və Şuşa ermənilərin toxuna bilmədiyi tək Qala kimi Qarabağın qürur və vüqar yeri kimi qaldı.
Ona görə ki, Şuşa türklər üçün sadəcə yaşayış məskəni, gözəl kurort şəhəri deyildi.
Şuşa alınmaz qala, ucalıq və paklıq rəmzi, dahilər məskəni, müqəddəslik ölçüsüydü.
Bu ölçü, bu meyar yenə də ruhumuzda, canımızdadı.
Çünki hər birimizin içində bir Qala qüdrəti, Qala müqəddəsliyi var və dünyada sonuncu azərbaycanlı qalana qədər Şuşa Azərbaycanın mənəvi paytaxtı olaraq qalacaq...
***
...Bakı dəniz səviyyəsindən aşağıda yerləşir.
Şuşa dəniz səviyyəsindən 1500 metr ucalıqdaydı.
Əlbəttə, Vətən bu cür ucalıqlardan qorunur.
...Biz bizi vüqarlı, qürurlu, böyük və əzəmətli edən ucalıqları bir-birinin ardınca düşmənə verib aşağılara doğru yüyürdük.

...Türklər ta qədimdən dağları müqəddəs sayıblar, müqəddəs bildiklərini düşməndən ona görə qoruyublar ki, o ucalıqlar da onları Tanrı qəzəbindən qorusun!
Biz ucalıqları - vüqarımızı, arxamızı, qürurumuzu, baş tacımızı, qeyrət qalamızı, xarı bülbülümüzü, Cıdır düzümüzü, İsa bulağımızı qoruya bilmədik.
Tanrı o dağların ahından bizi qoruyacaqmı?
Bu yerdə Araz Elsəsin səsi qulağıma gəlir:
«Dağlar, a dağlar,
Mənim qürurum dağlar...»

Anar Yusifoğlu

RƏYLƏR