“Azər Türk Bank”la bağlı qanunsuzluq davam edir – İdarə Heyətinin sədrliyinə seçilən şəxs qanunla o vəzifəni tuta bilməz

OXUNUB: 5133 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL Özəl İQTİSADİYYAT

"Azər Türk Bank” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

Bankdan verilən məlumata görə, Orxan Ziyad oğlu Hüseynov "Azər-Türk Bank” ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən "Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Xatırladaq ki, "Azər-Türk Bank” ASC-də "Banklar haqqında qanun”un tələblərinin kobud şəkildə pozulması ilə bağlı PressClub.Az bir müddət öncə yazmışdı.

Belə ki, həmin vaxt müvəqqəti sədrlik edən O.Hüseynovun idarə heyətində təmsilçilik hüququ olmadığı məlum olmuşdu.

Belə ki, 2016-cı ilin dekabr ayından Bankın idarə heyətinin müvəqqəti də olsa, sədri vəzifəsini Orxan Ziyad oğlu Hüseynov icra edirdi. O, 2010-2014-cü ildərdə "Texnika Bank”ın idarə heyətində təmsil olunub. 2014-2016-cı illərdə isə "Bank Standart”ın idarə heyəti sədrinin müavini olub. Bildirək ki, hər iki bank müflis elan olunub. "Banklar haqqında” qanunun 10.2.1 maddəsinin tələblərinə görə maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə bankın fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçısı bankların, onların filiallarının, şöbələrinin və xarici bankların yerli filiallarının inzibatçısı ola bilməzlər.

İqtisadçı-ekspert, hüquqşünas Əkrəm Həsənov da, O.Hüseynovun faktiki olaraq "Azər-Türk Bank” ASC-in İdarə heyətinin sədri vəzifəsini tutmasının qanunsuz olduğu qənaətindədir. O bildirmişdi ki, "Banklar haqqında qanun”a görə, müflis elan olunan bankın rəhbərliyində təmsil olunan şəxs son bir il müddətində hər hansı bir bankda rəhbər vəzifəni icra edə bilməz. Ancaq ortada "Bank Standart” məsələsi var. Görünən odur ki, "Azər-Türk Bank” ASC "Banklar haqqında qanun”un 10.2.1. maddəsini pozub.

Qeyd edək ki, "Bank Standart”ın ləğvindən 1 il keçməyib. Bank ötən ilin oktyabrında müflis elan edilib.

Görünən odur ki, indi O.Hüseynovun  "Azər Türk Bank” ASC-nin yenidən İdarə Heyətinin sədri vəzifəsini tutması, bu qanunsuzluğun davam etdiyinin göstəricisidir./pressclub.az

RƏYLƏR