"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

OXUNUB: 756 GÜNDƏM Özəl İQTİSADİYYAT
Avstraliya Mərkəzi Bankından faiz qərarı, ABŞ-dan tədiyyə balansı göstəriciləri, İngiltərədən ÜDM məlumatları fonunda birjalarda nə baş verir?

"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Oktyabr ayı üçün həlledici göstərici olan ABŞ-ın əmək bazarı hesabatı gözləntilərin altında daha zəif açıqlandı. ABŞ-ın əmək bazarının soyuması Federal Ehtiyatlar Sisteminin (FED) sədrinə və onun həmkarlarına dekabr ayında faiz dərəcələrini dəyişməz saxlamaq imkanı verir və Mərkəzi Bankın faiz artımının başa çatdığına dair bazar fikrini gücləndirir - bütün bunlar diqqətin yumşaq endirimlərə yönəltdiyi bir vaxtda baş verir. Əmək Statistikaları Bürosunun cümə günü verdiyi məlumata görə, qeyri-kənd təsərrüfatı sektorunda yeni açılan iş yerləri yalnız 150 000 artıb, sentyabr ayında bu göstərici 297 000 idi. İşsizlik səviyyəsi hələ də normadan (5 %) aşağı olan 3,9 %-ə qədər yüksəldi və aylıq əməkhaqqı artımı yavaşladı. Bu vəziyyətə görə FED-in faiz endirimlərinə 2024-cü ilin iyununda yox, may ayında başlaması gözləntiləri güclənmiş oldu.

Bazar iştirakçıları bu həftə Avstraliya Mərkəzi Bankından faiz qərarı, ABŞ-dan tədiyə balansı göstəriciləri, İngiltərədən ÜDM məlumatları, FED sərdi Cerom Pavel, Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqardın çıxışlarını diqqət mərkəzində saxlayacaqlar.

Neft

İsrailin Qəzzada yerüstü əməliyyatları genişləndirməsi bölgədə gərginliyin davam etməsinə səbəb olur. Ötən həftə ucuzlaşmaqda davam edən neft güclü dəstək səviyyəsi olan 85 ABŞ dolları həddini qıra bilmədi və növbəti dəfə 90-91 ABŞ dolları səviyyələrinə doğru hərəkət edə bilər.

XAU/USD

Ötən həftə davam edən gərginlik fonunda 2009 ABŞ dollara qədər bahalaşan qızıl, maksimumlarda möhkəmlənə bilməyərək 1 970 ABŞ dollara qədər ucuzlaşmışdı. Dollar indeksində müşahidə olunan ucuzlaşma qızılın qiymətini yenidən 2 000 ABŞ dollara qədər bahalaşdıra bilər.

EUR

Ötən həftə DXY indeksində mühaşidə olunan ucuzlaşma (-1 %) digər əsas valyutalar kimi avronunda bahalaşmasına səbəb oldu. Bazar ertəsi Almaniyadan və avrozonadan açıqlanacaq Xidmət sektorunda İşgüzarlıq aktivliyi indeksi, çərşənbə günü Almaniyadan inflyasiya göstəriciləri, cümə axşamı AMB sədrinin Kristin Laqardın çıxışı kimi mühüm faktorlar volatilliyə səbəb ola bilər.

GBP

Bazar ertəsi açıqlanacaq İngiltərə Tikinti sektorunda Aktivlik indeksi, çərşənbə günü İngiltərə Bankının sədri Endryu Beylinin çıxışı və cümə günü İngiltərədə ÜDM göstəriciləri funtun qiymətində dalğalanmalara səbəb ola bilər.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin

Tədris və Analiz Departamenti

"InvestAZ İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti" QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

RƏYLƏR