Almaniyada Qarabağın qondarma rejiminin nümayəndəliyinin fəaliyyəti qadağan edildi

OXUNUB: 10557 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ SİYASƏT

Almaniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan ərazilərinin işğalını qanuni saymır və işğal olunmuş ərazilərdə yaradılan qondarma rejimin mövcudluğunu tanımır.

7News.Az Almaniya mediasına istinadən xəbər verir ki, Almaniya XİN Arutyun Qriqoryanın başçılıq etdiyi qondarma rejimin Almaniyadakı nümayəndəliyinin fəaliyyətini qanunsuz hesab edib.

XİN-in məlumatında bildirilir: "Almaniya Federativ Respublikası qondarma rejimi tanımır. Müvafiq olaraq, qondarma rejimin nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndəsi, nə də tanınmış nümayəndəliyi mövcud deyil".

XİN-dən bildirilib: "Bununla əlaqədar, Almaniya Xarici İşlər Nazirliyi yazılı şəkildə Qriqoryandan Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimin diplomatik və ya konsulluq nümayəndəliyini yaratmağı dərhal dayandırmağı tələb edib. Tələbin yerinə yetirilmədiyi təqdirdə hüquqi tədbirlərin görüləcəyi diqqətə çatdırılıb".

Bu bəyanat yayıldıqdan sonra qondarma rejimi nümayəndəliyinin "Facebook" və "Twitter" sosial şəbəkələrindəki hesabları bağlanıb.

Bundan əlavə, qondarma rejimin Almaniya domeni olan saytı deaktiv edilib. Separatçılar bu saytın köməyi ilə Almaniyadan Azərbaycanın işğal edilmiş ərazilərinə turizm təşkil etməyə çalışırdılar. Arutyun Qriqoryan özü də "Facebook" səhifəsini silib.  

RƏYLƏR