Azərbaycanda atmosferə atılan karbon qazı yığılıb istifadə ediləcək - MÜHÜM YENİLİK

OXUNUB: 632 SOSİAL

İri sənaye mənbələrindən atmosferə atılan karbon qazı məqsədyönlü və iqtisadi baxımdan səmərəli istifadə ediləcək.

Azərbaycan Milli Elmlər Akademiyasından İcmal.Az-a verilən məlumata görə, atmosferə atılan karbon qazının mənbəyinin müəyyənləşdirilməsində YT Parkın PUA-larından istifadə olunacaq.

Bunun üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən "Azərbaycanda metanol və karbamid gübrəsi istehsalında xammal kimi istifadə edilən təbii metan qazı (CH4) əvəzinə iri sənaye obyektlərindən atmosferə atılan karbon qazının (CO2) tutularaq yığılması və istifadə edilməsinin elmi-texniki, iqtisadi əsaslarının işlənməsi və təkliflərinin hazırlanması" layihəsi üzrə müsabiqə elan edilib. Həmin müsabiqəyə təkliflər arasından AMEA Neft Qaz Institutunun (NQİ) təklifi uğur qazanıb və layihənin icrası bu müəssisəyə həvalə olunub.

Layihənin əsas məqsədi iri sənaye mənbələrindən atmosferə atılan karbon qazının məqsədyönlü və iqtisadi baxımdan səmərəli istifadəsidir.

Belə ki, ölkəmizdə iri karbon dioksid (CO2) tullantı mənbələrinin təyin edilməsi, CİS xəritələrində mənbələrin qeydiyyatının aparılması, tullantı mənbələrinə yaxın geoloji formasiyaların qaz tutumu imkanlarının öyrənilməsi, CO2-nin konkret istifadə sahəsindən asılı olaraq nəql olunma sxeminin işlənməsi və s. tədbirlərin həyata keçirilməsində pilotsuz uçan aparatlardan (PUA) istifadə vacib hesab edilib.

Bununla əlaqədar olaraq "AMEA Yüksək Texnologiyalar Parkı” MMC ilə NQİ arasında PUA-nın alqı-satqı müqaviləsi bağlanıb. Müqavilə əsasında Yüksək Texnologiyalar Parkında (YT Park) istehsal olunan "M 4-0.5 (Albatros)" PUA-sı Neft və Qaz İnstitutuna təqdim olunub.

İcmal.Az

RƏYLƏR