Azərbaycanda monopoliyanın kökünü necə kəsmək olar?

OXUNUB: 736 İQTİSADİYYAT TƏHLİL
Keyfiyyətsiz məhsullar Azərbaycan bazarının ən ciddi problemidir. Bununla yanaşı, bahalaşma tendensiyası yüksək templə inkişaf etməkdədir. Ölkə istehlakçısının bu durumda baha və keyfiyyətsiz məhsul almaqdan başqa yolu yoxdur. Bir sıra ekspertlər hesab edirlər ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması bu problemlərin həllinə yol aça bilər. 
Qeyd edək ki,  1995-ci ildə yaradılan ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirən təşkilatdır. Beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və möhkəm əsaslarının yaradılması, bununla da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılması təşkilatın əsas prinsipləri kimi göstərilir.  Hazırda dünya ticarətinin 97 faizə qədəri ÜTT-yə üzv ölkələrin payına düşür. Azərbaycan ÜTT-yə üzv olmaq üçün 1997-ci ildə müraciət edib. Ölkəmizin üzvlük məsələsinin həlli ilə bağlı İşçi Qrup yaradılıb, amma bu qədər müddət ərzində məsələ öz həllini tapmayıb. Azərbaycan təşkilatda müşahidəçi statusuna malik olan ölkələr sırasındadır.

Azərbaycanın ÜTT-yə üzv olmasını əngəlləyən səbəblər hansılardır? Ticarət Təşkilatına üzvlük Azərbaycan iqtisadiyyatına nələr vəd edir? 

"Yeni Sabah” xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, 22 ildir ölkəmizin təşkilata üzvlük məsələsinin uzadılmasının əsas səbəbi Azərbaycan tərəfidir: 

"Bütün qonşu ölkələr bu təşkilata üzv olublar. Gürcüstan və Ermənistan 2003-cü ildən təşkilatın üzvüdür. Rusiya 2015-ci ildə, Qazaxıstan 2016-cı ildə ÜTT-yə üzv olub.  Təşkilat bir çox qanunvericilik aktlarını - əsasən, gömrük və vergi rüsumlarını beynəlxalq qaydalara uyğun olaraq tənzimləyir. Azərbaycandan ixrac və idxal olunan məhsullar beynəlxalq sertifikatlaşdırmadan keçməlidir. Daxili bazarda inhisarçılığın, xüsusən də idxal məhsullarında inhisarçılığın olduğunu qeyd edərək, demək olar ki, Azərbaycanda ciddi maraq qrupları var və onlar ölkənin ÜTT-yə üzvlük məsələsini gecikdirir. Onlar bəhanə gətirirlər ki, təşkilata üzv olunan zaman prioritet olan aqrar sahəyə dotasiyaların verilməsi dayandırılacaq. Amma əslində, belə deyil. ÜTT-yə üzvlük zamanı keçid dövrü üçün müxtəlif güzəştlər nəzərdə tutulur”.

İqtisadçı bildirir ki, ÜTT-yə üzvlüyün gecikdirilməsinin əsas səbəbi gömrük qanunvericiliyinin beynəlxalq standartlara uyğun tənzimlənməsidir: 

"Daxildə idxalla məşğul olan böyük qruplar oyun qaydalarının beynəlxalq standartlara cavab verəcək formada tənzimlənməsində maraqlı deyillər”.

ÜTT-yə üzvlüyün ölkə iqtisadiyyatı üçün müsbət və mənfi tərəflərindən danışan Natiq Cəfərli bildirir ki, bu zaman Azərbaycan bazarına xarici şirkətlərin daxil olması xeyli asanlaşacaq: 

"Ölkədə çoxçeşidli məhsulların olması ehtimalı yüksələcək. Gömrük rüsumlarının tənzimlənməsi dəyişəcək. Bununla da rəqabətli mühitinin yüksəlməsi baş verəcək. Bunu Rusiyada, Qazaxıstanda da müşahidə edirik. Bu ölkələrdə mal çeşidliliyi və qiymətlər Azərbaycandan xeyli fərqlidir. Hətta Gürcüstana gətirilən idxal məhsullarında, o cümlədən də kərə yağının qiymətində Azərbaycanla müqayisədə xeyli fərq var. Demək olar ki, eyni məsafəni qət etməsinə baxmayarq, Yeni Zelandiya və Avstraliyadan gətirilən yağlar ölkəmizdə xeyli bahadır. Mənfi tərəfləri isə ondan ibarətdir ki, Azərbaycan istehsalçıları buna hazır deyillər. 

Bu günə qədər istehsalçılarımız sertifikatlaşdırma, qablaşdırma ilə bağlı ÜTT-yə üzvlüyə hazır olmalı idilər. Xarici şirkətlərin bazara daxil olması asanlaşsa, istehsalçıların rəqabətə davam gətirməməsi gündəmə gələ bilər. Amma bazarı qapalı saxlayıb daxili istehsalçılara bu cür şəraitin yaradılması lazımdırmı? Hesab edirəm ki, daxili istehsalçılar rəqabətli mühitdə işləməyi öyrənməlidirlər. ÜTT-yə üzvlük onların beynəlxalq səviyyəyə çıxması üçün şərait yaradacaq. Bu, istehlakçılar üçün isə birmənalı şəkildə böyük üstünlüklər verəcək”.

Natiq Cəfərli deyir ki, ÜTT-yə üzvlük zamanı idxal məhsullarının yerli məhsullardan daha ucuz başa gəlməsi və bunun  indiki mərhələdə istehsala ziyan vurması isə 10 milyon istehlakçının problemi deyil:

"İstehsalçıların problemi özlərindən - bu günə qədər uyğunlaşmamasından və hökumətin təşfiq proqramının olmamasından qaynaqlanır. İstehlakçıların maraqları daha öndə olmalıdır. ÜTT-yə üzvlük heç bir ölkənin sonunu gətirməyib”.

Bazardakı keyfiyyətsiz məhsullara gəldikdə, iqtisadçı deyir ki, onların nəzarət mexanizminin gücləndirilməsi ilə yığışdırılması mümkün deyil: 

"Yeganə yol rəqabətli mühitin genişləndirilməsidir. Dünyanın hər yerində ən yaxşı nəzarətçi alıcıdır. Alıcı görsə ki, daha keyfiyyətli və ucuz məhsulları almaq imkanı var, onlara  yönələcək. Keyfiyyətsiz və baha məhsul istehsalçıları avtomatik olaraq bazardakı yerlərini itirəcəklər, ya da normal, sivil qaydalarla işləməyi öyrənəcəklər. Bu keyfiyyətsiz məhsulların bazardan çıxmasının ən optimal və dayanıqlı yoludur”.

İcmal.Az

RƏYLƏR