Redaksiyamıza müraciət edən vətəndaş Nizami rayonu ərazisində fəaliyyət göstərən "Badə” restoranı ilə bağlı narahatlıq doğuran iddialar səsləndirib.
Müraciətdə bildirilir ki, 25 iyul 2026-cı il tarixində, saat 05:20 radələrində restoranda yeyib-içən bir qrup qadın və kişi arasında mübahisə yaranıb.
İddiaya görə, dava əvvəlcə restoranın daxilində başlayıb, daha sonra isə obyektin qarşısında davam edib. Hadisə zamanı yüksək səslə danışılması, qışqırıqların eşidilməsi və qeyri-etik ifadələrin işlədilməsi ətrafda yerləşən yaşayış binalarının sakinlərinin istirahətini ciddi şəkildə pozub.
Vətəndaşın iddiasına görə, bu cür hallar təkcə sözügedən tarixdə baş verməyib. O bildirib ki, restoranın fəaliyyəti ilə bağlı oxşar səs-küy, dava və ictimai asayişi pozan hallar təxminən 7 ildir davam edir. Ərazi sakinlərinin dəfələrlə bu vəziyyətlə bağlı narazılıqlarını ifadə etdikləri bildirilir.
Müraciət müəllifi aidiyyəti dövlət qurumlarından məsələnin araşdırılmasını, baş verən hadisəyə hüquqi qiymət verilməsini və ictimai asayişin qorunması istiqamətində zəruri tədbirlərin görülməsini xahiş edir./patrul
7NEWS.az























