Bakıda ağacların dibinə “kislota” tökdülər - VİDEO + YENİLƏNİB

OXUNUB: 544 SOSİAL

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların dibinə zəhərli kimyəvi maddə tökülməsinə münasibət bildirib.

ETSN-dən İcmal.Az-a bildirilib ki, Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanında yaşıllıqların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı daxil olan şikayət nazirlik tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən yaşıllıq sahədə müxtəlif cinsli 21 ədəd ağacın qurudulması məqsədilə dibinə mənşəyi məlum olmayan maddənin tökülməsi faktı aşkar edilib. 

Analiz aparılması üçün ağacların dibindən nümunələr götürülüb. Sözügedən ağaclara profilaktik xidmət göstərilməsi, dibinin maddədən təmizlənməsi, qorunub-mühafizə olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan "məcburi göstəriş” verilib.

Qanun pozucusunun müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirin görülməsi məqsədilə Bakı Şəhər Polis İdarəsinə müraciət olunub. 

 23 iyul, 18:35

Bakıda, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının qarşısında onlarla ağacın dibinə həmin ağacların qurudularaq məhv edilməsi və yerində obyekt tikilməsi məqsədilə zəhərli kimyəvi maddə tökülüb.

İcmal.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Yaxınlıqda yaşayanlar ağacların dibində hansısa kimyəvi maddənin çoxsaylı boş qablarını aşkar ediblər. Qablardan biri dolu olub və sakinlərdən biri həmin mayeni yerə tökərək torpaqla qarışan kimyəvi maddənin reaksiyasını izləyib.

Məlumata görə həmin ərazidə bir il əvvəl özünü rayon icra hakimiyyətinin başçısının adamları kimi təqdim edən naməlum şəxslər obyekt tikmək üçün ağacları kəsməyə cəhd ediblər. Lakin yaxınlıqda yaşayan sakinlərin etirazlarından sonra onlar ərazini tərk ediblər. Ehtimal edilir ki, indi ağacların dibinə sulfat turşusu töküb onu qurutmaq istəyənlər də həmin adamlardır.

İcmal.Az

RƏYLƏR