“Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

OXUNUB: 488 QHT
Silsilə tədbirlər çərçivəsində təşkilat tərəfindən "Ana harayı” abidəsi ziyarət olunub, "Xocalı 30 – Tarixə qayıdış” anım tədbiri keçirilib və üzv gənclər "Ədalət marafonu” çərçivəsində sosial şəbəkələrdə keçirilən fəaliyyətlərə cəlb olunublar.

Təşkilat nümayəndələri, Vətən müharibəsi qaziləri, üzv və könüllülər soyqırımın otuzuncu ildönümünə həsr olunmuş anım yürüşündə iştirak edərək Xocalı faciəsinin qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” abidəsini ziyarət ediblər. Gənclər Xocalıda amansızcasına qətlə yetirilmiş günahsız insanların ruhlarını dərin ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində təşkilat tərəfindən "Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi ilə birgə təşkilatın idarə heyətinin üzvlərinin, dövlət rəsmilərinin, Vətən müharibəsi qazilərinin, faciə şahidlərinin, könüllü gənclər və media nümayəndələrinin iştirakı ilə ADA Universitetində "Xocalı 30 - Tarixə qayıdış” anım tədbiri keçirilib. Dövlət himninin səsləndirilməsi, Xocalı qurbanlarının və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə 30 il əvvələ - tarixə qayıdış edilərək, 26 fevral 1992-ci ildə erməni qəsbkarları tərəfindən xalqımızın başına gətirilən Xocalı faciəsi haqqında danışılıb. Çıxış edən natiqlər bildiriblər ki, qanlı faciə Azərbaycan tarixinə qara hərflərlə yazılaraq, əbədi olaraq yaddaşlara həkk olunub. Xocalıda baş verən bu insanlığa qarşı cinayətə beynəlxalq ictimaiyyət tərəfindən hələ də tam obyektiv qiymət verilməməsi təəssüf hissi ilə qeyd olunub. Qürurla vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz Vətən müharibəsində tarixi ədaləti bərpa edib, müharibə dövründə Xocalı soyqırımını törətmiş hərbi cinayətkarların bir qismi məhv edilib və beləliklə, hərb meydanında Xocalı soyqırımının qisası alınıb.
Tədbirin ikinci hissəsində ssenari müəllifi araşdırmaçı jurnalist İan Piert olan, "Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən ərsəyə gətirilən "Xocalı – bir millətin kədəri” adlı sənədli film nümayiş olunub. Filmdə 1992-ci il fevralın 26-da Ermənistan ordusunun Xocalı şəhərində yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşilik və soyqırımı aktı, Xocalı soyqırımı haqqında həqiqətlərin gizlədilməsi istiqamətində Ermənistanın müxtəlif dairələrinin fəaliyyətinin və erməni yalanlarının faktlarla ifşa olunması əks olunub. 
Təşkilat üzvləri və könüllüləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən həyata keçirilən "Xocalıya ədalət”  beynəlxalq  maarifləndirmə kampaniyası çərçivəsində keçirilən "Ədalət marafonu”na qoşularaq sosial şəbəkələrdə aparılan təbliğatda aktiv iştirak ediblər. Gənclər bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həm yerli, həm də beynəlxalq mətbuatda işıqlandırılan tarixi faktları, foto və video kontentləri sosial şəbəkələrdə paylaşıblar.
Həyata keçirilən ardıcıl tədbirlər və kampaniyalar Xocalıda törədilən cinayətlərin cəzasız qalmamasına, bu hadisənin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib.

RƏYLƏR