DYP ilə “Evakuator.AZ”ın gizli sövdələşməsi - Vətəndaşların başına açılan oyunlar (ARAŞDIRMA)

OXUNUB: 1909 HƏFTƏLİK İCMAL GÜNDƏM
Deyirik ki, DYP-dən, onun "müştərək” qurumlarından yazmayaq, yenə də olmur. Niyə olmur? Çünki bu sistemin islahatlara böyük ehtiyacı var. Sanki bu sistemdə olanların hamısı çapıb-talamaq, ziyan vurmaq, vətəndaşları incitmək kateqoriyalarında yarışa çıxıblar. Bəlkə də bunlarda "kim daha çox xalqın əleyhinə olan iş görsə, oğuldur” təfəkkürü yaranıb….

…Hadisə vaqe olur 28 aprel 2017-ci il tarixində saat 13:50 radəsində. İdarə etdiyim 90ZX421 dövlət nömrə nişanlı, VAZ-2109 markalı avtomobilimi həmin vaxtı, aptekdən, dərman atmaq üçün bir stəkan su istəmək məqsədi ilə, "Nizami” metro stansiyası ilə üz-üzə yolun sol çiyninə çəkib, saxladım. Avtomobilin qapı və pəncərəsi açıq halda aptekə girib, su istədim. Mən həbi atıb çıxanacan, təqribən 4-5 dəqiqə aralığında, gördüm ki, 99JF114 dövlət nömrə nişanli evakuator avtomobilimi artıq maşınına yükləyib və hərəkət etmək istəyir. Hərəkətimdə məhdudiyyətin olduğu və qaça və ya tez-tez yeriyə bilmədiyim üçün evakuatora, baxmayaraq ki, 1 dəqiqədən də çox sfetaforun qırmızı işığında saxladı, çata bilmədim. Qışqırıqlarım isə öz bəhrəsini vermədi. Üstümdəki pul və sənədlər gödəkcəmin cibində, gödəkcəm isə maşında qaldığı üçün, cərimə meydançasına getmək üçün növbəti evakuatoru gözlədim. Təqribən 20 dəqiqədən sonra növbəti evakuator gəldi və mənim "məni də cərimə meydançasına aparın” xahişim, insanı aşağılamaq üçün istifadə olunan xüsusi ton ilə deyilmiş "taksiyə min, get” ilə cavablandırıldı və mən çarəsizlikdən dostumu həmin əraziyə çağırdım. Dostumun gəlməyi təqribən 1.5 saat çəkdi və mən bu müddət ərzində evakuatorların 2 (iki) dəqiqədən də az bir müddətdə avtomobilləri necə təxliyyə etdiklərinə tamaşa etdim….

…."Qış bulvarı” deyilən parkın altındakı ödənişli maşın dayanacağında düzənlənmiş "səyyar cərimə meydançasında” gördüklərim isə məni daha da dəhşətə gətirdi. İlk olaraq maşınıma yaxınlaşdım, yaxşı ki, kimsə maşınımın açıq qapısından mənim gödəkçəmi götürməmişdi, yoxsa həmin avtomobilin mənə məxsus olmasını sübut edə bilməzdim. Maşına minib özümü "Siqnal” idarəsinin əməkdaşı, özünü Hüseynov Elxan kimi təqdim edən, lakin evakuasiya qəbzində ad-familini Eyvazov Elman kimi yazıb, imza edən səlahiyyətli şəxsin hüzuruna yetirdim, "Hüseynov Elxan-Eyvazov Elman” bildirdi ki, "evakuasiya haqqında Qanuna edilmiş əlavə və dəyişikliklərə əsasən” mən evakuasiya xərcini – 20 (iyirmi) manatı dərhal ödəməli, yazılacaq (bu "yazılacaq” kəlməsini yadda saxlayın) digər 20 (iyirmi) manat cəriməni isə istədiyim vaxt ödəyə bilərəm. Cibimdə iyirmi manatın olmadığını, buna görə də cərimənin üstünə həmin evakuasiya xərcinin də gələrək, protokollaşdırılmasını xahiş etdim. Elxan-Elmanın cavabı şokverici effekt yaratdı: Pulun yoxdursa maşın sürmə! Demək Elxan-Elman səviyyəli "məmurlar” da artıq şişiblər! Mənim "bu iyirmi manat evakuasiya xərci dövlət büdcəsinə keçmirmi? Nə fərqi var, cərimədə qeyd edin, ikisini dı birlikdə ödəyərəm” iradıma isə "yox, dövlət büdcəsinə keçmir, dədəmin idarəsi deyil, mənə bu cür tapşırılıb, get, pulun olanda gələrsən” cavabını verdi. Mənim hərəkət imkanlarımın məhdud olmağı da, cibimdə lazım olan məbləğin olmaması da işə yaramadı və mən oradan 102 xidmətinə zəng edərək, vəziyyətə uyğun şikayətimi bildirdim, 102-yə zəng etdiyimi görən Elxan-Elman daha da genələrək "get kimə istəyirsən şikayət elə, şikayətdə evakuator sözü varsa, baxan olmayacaq” atmacasını da atmağı unutmadı. (hardasa Elxan-Elmanın sözündə həqiqət var, 28 apreldə 102-yə, 29 apreldə isə nazir Ramil Usubovun adına DİN-in saytına şikayət etməyimə baxmayaraq, şikayətlərim bu günəcən araşdırılmır) Əlqərəz, zirzəmi şəraitində çox qala bilmədiyim üçün dostumdan həmin iyirmi manatı borc alıb, "arxası bağlı” evakuator xidmətinin xərcini ödədim…

Təbii ki, vətəndaş, kimliyindən asılı olmayaraq inzibati xəta törətmişsə – bunun bədəlini ödəməlidir, amma burda da mövcud Qanunvericilikdən kənara çıxmaq olmaz. Nə deyir mövcud Qanunvericilik? Bunun üçün isə yalnız və yalnız "İnzibati Xətalar Haqqında” Qanuna istinad etmək lazımdır. Oxuyuruq:

1.3. İnzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir.

Yəni, bütün xətaların tənbehi bu Məcəllə ilə edilməlidir. Daha sonra oxuyuruq:

Maddə 4. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsipləri

Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.

Mövcud Qanunvericilik burada vətəndaşın, ola bilsin ki, məcburi bir zərurətdən hər hansı bir xətanın etdiyini (konkret, mən özümü pis hiss etdiyimdən, su istəmək üçün aptekə girdiyim hallara oxşar hallar nəzərdə tutulur) və vəzifəli şəxsin bu xətanın qarşısının alınmasında maraqlı olmasını ehtiva edir.

İndi isə gəlin bu Məcəllədə təxliyyə (evakuasiya) qaydaları ilə tanış olaq.

124.5. Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında deyilsə, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır.
Bu halda inzibati xəta haqqında protokolda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. Protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Araşdırmamız birtərəfli olmasın deyə, görək Məcəllənin 125.2 maddəsində nə deyilir.

125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir;

Əgər Azərbaycan sivil dövlətdirsə və qəbul edilən Qanunlara hörmət edilirsə, demək ki, mənim avtomobilim həmin ərazidən oğurlanıb! Görək avtomobilim təxliyyə edilərkən hansı qanun pozuntularına yol verilib.

Avtomobili DYP əməkdaşı olmadan təxliyyə ediblər. Yəni təxliyyə xidməti öz səlahiyyətlərini aşaraq, DYP orqanlarının səlahiyyətini savadsızcasına mənimsəmiş, bununlada öz əməllərinin Cinayət Məcəlləsinə tövsif edilməsinə şərait yaratmışlar.

Təxliyyə vaxtı orada DYP əməkdaşı olmadığı üçün mövcud Qanunvericilik pozulmuş, foto, video çəkilişlər olmamiş, İnzibati Xəta haqqında Protokol tərtib edilməmişdir ki, bu da təxliyyə edən şəxslərin, bilərəkdən vəzifə səlahiyyətlərini aşmaqla və Azərbaycan Respublikasının Qanunvericilik Aktlarını bilərəkdən pozaraq, birbaşa cinayət etmələrinin sübutu kimi tövsif olunmalıdır.

Avtomobilin təxliyyəsi haqqında mənim mobil telefonuma, bu Məcəllənin 125.2.2 maddəsinə əsasən heç bir SMS göndərilməyib ki, mən avtomobilimin evakuator vasitəsi ilə aparıldığını görməsə idim, avtomobilimin, qapısının açıq olduğu üçün oğurlanması qənaətinə gələcəkdim.

"Siqnal” idarəsinin əməkdaşı "Hüseynov Elxan-Eyvazov Elman”, yuxarıda "yaddaşa verdiyim” İnzibati Xəta haqqında protokol yazılmasını da özü həyata keçirərək, öz vəzifə səlahiyyətlərinin aşmasının tənbeh edilməməsindən ruhlanaraq, hadisədən təqribən iki saat keçəndən sonra DYP əməkdaşi, polis leytenantı Hüseynov Nuşirəvan Müğdət oğlunun adından Qərar qəbul edir, amma mənim 102-yə şikayət etdiyimi gördüyü üçün həmin Qərarı imzalamaqdan çəkinir.

Yuxarıda yazılanlardan belə başa düşülür ki, hər hansısa məmur və ya oliqarxa arxayın olan "Evakuator.AZ” MMC, DYP-nin "Siqnal” idarəsi ilə işbirliyi quraraq, Azərbaycan Respublikasının mövcud Qanunvericiliyinin şərtlərini kobud pozmaqla, DYP-nin səlahiyyətlərini "mənimsəyərək” fəaliyyət göstərir və görünəni odur ki, "Evakuator.AZ” MMC ilə "Siqnal” idarəsinin bu qeyri-qanuni fəaliyyətinə hüquq-mühafizə orqanları da bilərəkdən göz yumurlar. Nəticədə isə "Evakuator.AZ” MMC daha da səlahiyyətlərini aşmaqla, vətəndaşların hüquq və azadlıqlarını kobud şəkildə pozur. Yenə də həmin Məcəllədən oxuyuruq:

5.1. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları (vəzifəli şəxslər) məsuliyyət daşıyırlar.

Demək ki, "Evakuator.AZ” MMC-nin vergidən yayınması üçün maşını qeyri-qanuni təxliyyə edilmiş vətandaşın, təxliyyənin ödənişinin dövlət büdcəsinə keçirilməsi yasaqlanır. Üstəlik bu özbaşınalıq cibində 20 (iyirmi) manatı olmayan və Bakıya qonaq gələn şəxsin küçələrə düşüb, dilənməsinə məcbur edilməsinə gətirib çıxardır ki, bu da vətəndaşın hüquq və azadlıqlarının birbaşa pozulmasıdır. Və əminəm ki, məhz bu Məcəlləni rəhbər tutan müvafiq qurumlar, bu işdə günahı olan bütün səlahiyyət sahiblərini məsuliyyətə cəlb edəcəklər. Axı elə bu Məcəllədə deyildiyi kimi:

5.2. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir.

P.S. Təxliyyə zamanı avtomobilimə dəymiş ziyanı isə, məhkəmə yolu ilə də olsa, "Evakuator.AZ” MMC-yə ödətdirəcəm.//Qaynar.info

 İcmal.Az


RƏYLƏR