“Ədibin evi”ndən ədəbi köşə

OXUNUB: 1706 GÜNDƏM Özəl MƏDƏNİYYƏT
Hər bir insanın, xüsusilə də yaradıcı adamların özüylə üz-üzə qaldığı, dərdləşdiyi, bütün məlhəm duyğularına qucaq açdığı bir və ya bir neçə köşəsi olur. Olmayanda, yaxud əli çatmayanda isə özünə çəkilir insan. Öz içinin köşəsinə... Bura, hətta özü ilə üz-üzə qalanda da rahatlıq tapmayanların son sığınacağıdı... Kimsəsizliyin, tənhalığın, səssizliyin lövbər saldığı, küləklərin belə pıçıltıyla əsib keçdiyi, dalağaların sahilə çatmadan xəfifcə geriyə qayıtdığı liman, dünyanın ən ucqar nöqtəsində, kimsənin ayaq basmadığı, əbədiyyətin sükuta büründüyü dayanacaqdı...

Amma təkcə insanların yox, şəhərlərin də bəzən öz içinə çəkilməsinə, azacıq da olsa sükuta qovuşmasına ehtiyac yaranır. Bakının bu baxımdan bəxti gətirib – İçəri Şəhəri var. İçəri Şəhərin, hətta gecə yarısınadək pozulan səssizliyi də Bakının məlhəm və məsum duyğularının sığındığı köşəsini xatırladır. Təsəvvür edirsiniz, daş döşənmiş dar küçələrin ay işığına büründüyü gecələrin birində Bakı İçəri Şəhərə çəkilir və özünə qovuşur, səssizliyin nəvazişinə bürünür. Mən Bakı olsaydım İçəri Şəhəri heç vaxt tərk etməzdim...

...Xoşbəxtlikdən İçəri Şəhərin də pozulan sükütündan bir neçə saatlığa da olsa qoparaq ədəbiyyatın beşiyində yırğalanmağa, peotik duyğuların həzin laylasını dinləməyə imkan verən, gözəl bir şeirin dünyaya gəlişindən öncə onu yaradanın iç dünyasını xatırladan köşəsi var. "Ədibin evi”ni nəzərdə tuturam. İlk gündən, ayaq basdığım andan sehrinə düşmüşəm.

"Ədibin evi” meqapolsin səs-küyündən özünə çəkilən, amma bəzən burada da rahatlıq tapa bilməyən İçəri Şəhərin tarixin amansız sınaqlarından qürurla sıyrılıb əzəmətini qoruyub saxlayan divarları arasında kiçik bir ədəbiyyat məbədidir. Əslində məbəd elə kiçik də olmalıdır - dua kimi, duyğuların, sözlərin işıq saldığı hücrə kimi...

"Ədibin evi”nin qapısını açıb içəri daxil olunca tamamilə fərqli bir ovqata köklənirsən. Hətta ruhuna, iç dünyasına İçəri Şəhərin divarlarından da möhkəm sədd çəkən insan da yumşalır burda, kövrək, lirik duyğuların ayrılmaz bir parçasına çevrilir.

Ana dilimizin cilalanmasında və zənginləşməsində müstəsna xidmətləri olan, böyük ədibimiz Mir Cəlal bir zamanlar burda yaşayıb, axıcılığı, lakonikliyi, səmimiliyi və doğmalığı ilə bizi bu gün də heyrətləndirən əsərlərinin kiçik bir hissəsini bu ünvanda yaradıb. "Ədibin evi”, sözün əsl mənasında ədəbiyyat vadisidir. Çiçək-çiçək duyğular cücərir hər qarışından...

Hər dəfə bu doğma ünvanın qapısını açıb içəri keçəndə sanki yüzillərdi üzərimə çökən ağır və əzablı yükdən xilas oluram, qəribə bir lirik həzinlik çökür düşüncələrimə. Çox qəribə mühiti var "Ədibin evi”nin. Burda özünü həm tənha hiss edirsən, həm də bütöv, məsum ədəbi tamın ayrılmaz bir parçası kimi...

Bu gün İçəri Şəhərin kiçik, adi evlərindən birinin ədəbiyyat məbədinə çevrilməsinin səbəbkarı Mir Cəlalın anım günüdür. Ruhu şad olsun.

Böyük ədibin Azərbaycan xalqının milli qürur və ləyaqət hissini ifadə edən "İtə ataram, yada satmaram” deyiminin yer aldığı "Bir gəncin manifesti” indi "Ədibin evi” adlanan kiçik, amma əsrarəngiz, doğma, məlhəm duyğuların kök saldığı binanın hücrələrinin birində yazılıb. İndi, ərazi bütövlüyümüzün təmin edildiyi, torpaqlarımızda kök salan xəyanət yuvasının kərpic-kərpic söküldüyü və yerinə milli mədəniyyətimizlə, dünyagörüşümüzlə süslənmiş azadlığın, mərhəmətin inşa edildiyi bir zaman kəsiyində, ehtiyac içində boğulduğuna baxmayaraq, Azərbaycan mədəniyyətinin ən klassik nümunəsini, milli ruhumuzun ilmə-ilmə toxunmuş sənət əsərlərindən birini yadlara satmaqdan imtina edən analarımızın obrazı daha aydın görünür. Qarabağı yenidən bizə qaytaranlar, heç şübhəsiz ki, xalçasına, mədəniyyətinə, tarixinə, ocağına, yurduna sahib çıxan və dəyərlərini canı bahasına da olsa qoruyub saxlamağı bacaran anaların böyütdüyü, tərbiyə etdiyi övladlardır...

Sentyabrın 22-də "Ədibin evi”ndə ilk poeziya axşamı keçirildi. Təvəzökarlıqdan uzaq görünsə də, "Özgə adam” adlanan axşamın ən doğma qonaqlarından biri də mən idim. "Ədibin evi”nin icraçı direktoru Şəfəq xanımın məlhəm duyğuların sərhədlərini xəfifcə yarıb keçə bilən sualları bu kiçik yaradıcılıq məbədinin onsuz da səmimiyyətə bürünmüş mühitini mənə və əminəm ki, bu gözəl axşamın qonaqlarına daha da doğmalaşdırdı. Fərqli və unudulmaz anlar yaşadım. Burada keçirdiyim vaxtın hər anı haqqında yaza bilərəm. Amma bu artıq köşə olmayacaq. İçəri Şəhərin köşəsi haqqında təəssüratlarımı meqapolis yazısına çevirmək istəmirəm.

Önəmli olan odur ki, poeziya axşamından sonra "Ədibin evi”ni tərk edən hər kəs yenidən buraya qayıtmaq istəyini dilə gətirdi, özüylə bu yaradıcılıq məbədindəki səmimi mühitin bir parçasını apardığını, yaşadığı dərin və həzun duyğulardan qopa bilmədiyini dedi...

Deməli, "Ədibin evi”ndə olan hər kəsin içindən bir ovuc İçəri Şəhər, bir ting "Ədibin evi” cücərəcək - Saf duyğuların üzərində çətirə çevrilmək üçün...
 
 
 
 
 
 
 
 

RƏYLƏR