Əliağa Hüseynov sahibkarın torpağını zəbt etdi və... - “Dedi ki, nə qədər lazımdırsa, xərcləyəcəyəm...”

OXUNUB: 849 GÜNDƏM Özəl HADİSƏ
Milli Məclisin sabiq deputatı, general-leytenant Əliağa Hüseynovun Salyanda "Samir 3” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus torpaq sahəsini zəbt etdiyi bildirilir.

Bu barədə "Samir 3” MMC-nin rəhbəri Əlövsət Həsənov məlumat verib.

Qeyd olunub ki, Salyan rayon icra hakimiyyəti başçısının 14.12.1996-cı il 382-S və 05.03.1998-ci il 71-S saylı sərəncamı daimi istifadə üçün 70 hektar, uzunmüddətli (Müddət qeyd edilməyib. Torpaq Məcəlləsinə uyğun olaraq müddət qeyd edilmədikdə 99 il hesab olunur) istifadə üçün isə 103 hektar torpaq sahəsi ayrılıb. Daimi istifadə üçün torpaq aktı, uzunmuddətli istifadə üçün şəhadətnamə alınıb. Vəsaitim hesabına Salyan Rayon İcra Hakimiyyəti baçşısının müvafiq sərəncamı əsasında Kür çayından bu ərazilərə uzunluğu 8500 metr, diametri 530 millimetr olan su borusu çəkilib, Kür çayının sahilində nasos stansiyası inşa edilib. Su xəttindən bu günə kimi rayonun Yuxarı Noxudlu kəndi yeganə su xətti kimi istifadə edir. Kənddəki 120 ev, və kənd əhalisi üçün ayrılmış pay torpaqlar bu xəttdən təmənnasız olaraq suvarılır. İnşa etdirdiyim su xətti və nasosxananı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə aktla təhvil vermişəm ki, su xəttindən digər ərazilər də səmərəli istifadə etsin. Bələdiyələr yaradıldıqdan sonra, bu torpaq sahələri öncə 3 bələdiyyənin, sonda isə 2 bələdiyyənin ərazisində əksini tapıb. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda hüquqi və fiziki şəxslərə verilmiş torpaqlar qeyd olunub. 2000-ci ildə, Prezidentin 17.01.1997-ci il 544 saylı fərmanına əsasən, müəssisənin fəaliyyəti yoxlanılmış və torpaq sahələri müəssisənin balansında saxlanılıb. 2015-ci ildən 103 hektar uzunmüddətli istifadəyə verilmiş torpaq sahələri sabiq deputat, general-leytenant Əliağa Hüseynovun adamları tərəfindən zəbt olunur. Bələdiyyəyə müraciət edildikdə "İcra Hakimiyyətinin göstərişidir”, "Bir illikdir, məhsulunu götürüb çıxacaq” kimi bəhanələr gətirirlər, çarəsizlikdən susub gözləmişəm. 2020-ci ildə Arbatan və Noxudlu bələdiyyələrinə məktubla müraciət etdim ki, torpaq sahələrinin kimin istifadəsində olduğu barədə məlumat verilsin. Bələdiyyələrdən rəsmi cavab gəldi ki, torpaq sahələri heç kimə verilməyib və "Samir 3” MMC-yə məxsusdur. Narazılıq artanda Əliağa Hüseynovun adamları ortaya ümumi sahəsi 97 hektar olan şəhadətnamə çıxardılar. Şəhadətnaməyə əsasən, 2014-cü ildə Arbatan və Noxudlu bələdiyyələri "Samir 3” MMC-yə icra hakimiyyəti tərəfindən verilmiş sərəncam və şəhadətnaməni ləğv edib, heç bir yerdə adı keçməyən hərrac yolu ilə Əliağa Hüseynovun oğlu Nizami Hüseynova satıblar. 2020-ci ildə aidiyyatı üzrə məhkəməyə müraciət etsək də, 3 il ərzində ədaləti bərpa edə bilməmişik, müxtəlif təhdidlər almışıq. Əliağa Hüseynov şəxsən mənə "Nə qədər lazımdırsa, xərcləyəcəyəm, o torpaqları sənə verməyəcəm” deyib. İş məhkəmədə olduğundan 103 hektar sahənin davamı olan 70 hektar torpaq sahəsinin suvarılmasına imkan verilmədiyi üçün istifadə mümkünsüz olub, torpaqlar yararsız hala düşüb. Bələdiyyələr bildirir ki, torpaq 15 illik verilib, müddət bitib və torpaq hərraca çıxarılıb. Birincisi elə deyil, sərəncamda müddət qeyd edilməyib. İkincisi, elədirsə, müddət 2013-cü ildə bitirdi, 2012-ci ildə qanunvericiliyə uyğun olaraq, ilk növbədə torpağın hazırki istifadəçisinə təklif olunmalıdır. Üçüncüsü, 2013-cü ildə də ləğv olunmamış şəhadətnamə və sərəncam 2014 də ləğv edilə bilməz, müddət keçmiş və ən azı yenə 15 illik şəhadətnamənin hüququ tanınıb. Şəhadətnamə 2014-cü ildə ləğv olunmuşdusa, hansı səbəbdən 2022-ci ildə bələdiyyə "Samir 3” MMC-yə verilmiş sərəncam və şəhadətnamənin ləğvi üçün vəsatət qaldırıb? Deməli ki, sərəncam və şəhadətnamənin faktiki olaraq qüvvədə olduğunu qəbul edirlər. Əliağa Hüseynovun güc hesabına bir çox kəndli və sahibkarın torpaqlarınına yiyələnib ki, sadəcə olaraq, camaat qorxusundan susur”.

Məsələ ilə bağlı Əliağa Hüseynovun mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz baş tutmayıb./pravda

RƏYLƏR