Evini dağıtdığı vətəndaşdan Hacı Qalibə: “Kişilikdən danışan qadınların arxasında gizlənməz”

OXUNUB: 760 Özəl GÜNDƏM HADİSƏ
Seymur Quliyev: "Kişilikdən danışan qadınların arxasında gizlənməz”
"Qalib Salahzadə mənim və ailə üzvlərim haqda söylədiyi böhtan və təhqirlərin hər birinə görə cavab verəcək. İllərdir bizə qarşı törətdiyi cinayətlərin cəzasız qalması, araşdırılmaması onu tam olaraq cızığından çıxarıb. Bu adam elə bilir ki, ağzına gələni danışacaq, kimin barəsində istəsə hədyan, böhtan söyləyəcək və cəzasız qalacaq. Mən Azərbaycan məhkəməsinə müraciət edərək ona hətərən-pətərən danışmağını yasaqlatdıracağam”. 

Bu sözləri "Yeni Müsavat”a Azərbaycan vətəndaşı Seymur Quliyev deyib. 

Hacı Qalib vətəndaşın villasını dağıdıb, həyətini avtodayanacağa çevirib - REPORTAJ - FOTO
"Qalib Salahzadə də baş prokurorun hərəkətsizliyindən ruhlanıb bizim ailəni təhqir edir”

O bildirib ki, Qalib Salahzadə mətbuatda onun özü və ailəsi bağlı şər-böhtan yayıb. Buna görə onunla məhkəmədə görüşəcək: "Qalib Salahzadə mənim Bilgəh qəsəbəsində torpağımı zəbt edib və gəlini Xatirə Allahşükür qızının adına keçirib. Həmin torpaqda mənim 2 və 3 mərtəbəli evlərim vardı, özülünə qədər sökdürüb. Bundan əvvəl isə evlərimi talan edib. Baş verən cinayətlərlə əlaqədar 5 maddə ilə bu cinayət araşdırılıb və baş prokuroru gözləyirik ki, həvalə qərar versin və ya işi məhkəməyə göndərsin. Qalib Salahzadə də bu ləngimə dövründən istifadə edib, bizim ailəni təhqir edir, ağzına, ağlına gələni danışır. Deyir ki, guya qardaşım İlham onun yanına gedib və məni öldürmək üçün ondan icazə istəyib. Bu Qalib Salahzadənin növbəti yalanı, uydurmasıdır. Qardaşım İlham Quliyev də Qalib Salahzadəni məhkəməyə verib, bu yalanını təkzib etməsini tələb edib”. 

"Qalib kimdir ki, onunla məsləhət eləyim?”

"Yeni Müsavat”ın redaksiyasına təşrif buyuran İlham Quliyev deyib ki, Qalib Salahzadəni ömründə görməyib: "Qalib Salahzadə barəmdə yalan fikirlər söyləyir. Mən ömrümdə onun yanında olmamışam. Buna heç bir ehtiyac da olmayıb. O kimdir ki, mən onun qapısına gedim. Üstəlik bir onunla məsləhət eləyim? Adam yaşından-başından utanmır, olmayan hekayələr uydurur, gecə yatıb yuxuda gördüyünü dilinə gətirir, baş vermiş hadisə kimi danışır. Seymur mənim balaca qardaşımdır, mənim ondan incikliyim yoxdur, olmayıb, ola da bilməz. Əgər mənimlə qardaşım arasında narazılıq olsa belə, Qalib kimdir ki, onunla məsləhət eləyim? Mən bu adamı həyatda üzbəsurət görməmişəm. Qalib Seymurun evlərini dağıtmasaydı, torpağını zəbt etməsəydi, mən ümumiyyətlə Qalib adlı birinin bu ölkədə yaşadığını belə bilməzdim”. 

Hacı Qalib vətəndaşın villasını dağıdıb, həyətini avtodayanacağa çevirib - REPORTAJ - FOTO
"Qalib Salahzadəyə Allahdan uzun ömür istəyirəm ki…”

Seymur Quliyev deyir ki, Qalib Salahzadə onun qardaşının adını hallandırmaqla gələcək məkrli planları üçün əsas yaratdığını düşünür: "9 ildir ki, onun mənə qarşı cinayəti araşdırılmamış qalıb. Qalib Salahzadə çox gözəl bilir ki, ev yıxmaq, ev dağıtmaq nə qanunda, nə Allahın kitabında yoxdur və belə hərəkətin cavabı da mütləq şəkildə olur. Başa düşür ki, mən ondan əl çəkən deyiləm. Dubayda pul qazanıb Azərbaycana gətirmişəm, Bilgəhdə torpaq alıb övladlarım üçün şərait qurmuşam.  Qalib Salahzadə də ilkin olaraq qardaşının arvadının adından barəmdə polisə şikayət edib. Araşdırıblar, məlum olub ki, bu böhtandır. Tədbir görmədilər deyə, bu dəfə də gəlini Xatirə Allahşükür qızını qabağa verib onun adına qanunsuz olaraq sənəd almaqla torpağıma iddia elədi. Oradakı 2 evimi talan edib sökdü. Azərbaycanın Konstitusiya Məhkəməsi həmin torpağın mənə aid olduğunu öz qərarı ilə təsdiqləyib. Amma bundan sonra da Qalib Salahzadə torpağımı boşaltmadı. İndi də başa düşür ki, mən bu qanunsuzluğun araşdırılmasına enində-sonunda nail olacağam. Qalib Salahzadəyə Allahdan uzun ömür istəyirəm ki, bu məsələni onunla çözüm, qabağa verib arxasında gizləndiyi qadınlar sorğu-sual günü çətin durumda qalmasınlar. Kişilikdən danışan qadınların adından iş görüb onların arxasında gizlənməz. Təsəvvür edin ki, bu işlə bağlı dindirmələrə gəlini Xatirə Allahşükür qızı, qardaşının arvadı cəlb olur. Mən Qalib Salahzadənin yerinə utanıram. O isə etdiklərindən utanmır, üstəlik bizim ailəmizin ünvanına şər-böhtan yağdırır. Elə buradan da Qalib Salahzadəyə səslənrəm: hər kəlmənə görə məhkəmədə cavab verəcəksən. O ki, qaldı qardaşımın barəsində dediklərinə, bu, ağ yalandır. Mənim qardaşımla heç bir problemim yoxdur, olmayıb. Mənə qarşı cinayət planlayıb qardaşımın üstünə yıxmaq kimi xülyan da bu başdan puçdur. Bununla bağlı müvafiq orqanlara da məlumat verilib”. 

Seymur Quliyev baş prokuror Kamran Əliyevə də bir daha müraciət edərək əmlaklarının sökülməsi ilə bağlı cinayət işi ilə bağlı yekun qərar gəlməsini istəyib./Musavat.com 

RƏYLƏR