FETÖ-nün Azərbaycan planı: Türkiyədən açıqlama gəldi – hakimiyyətdə möhkəmlənmək, sonra…

OXUNUB: 651 GÜNDƏM HADİSƏ
Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyat nəticəsində Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu da daxil, 5 nəfərin saxlanılması ciddi müzakirələrə səbəb olub.

Uzun müddət sonra keçirilən əməliyyat FETÖ-nün Azərbaycanda fəaliyyətini davam etdirdiyini üzə çıxarıb. Təşkilatın ölkəmizdə varlığını qoruması zaman-zaman deyilirdi. Saxlanılan şəxslərin terror qruplaşmasının Azərbaycandakı keçmiş rəhbər və maliyyə nümayəndələri olduğu açıqlanıb. Belə olan halda ortaya müəyyən suallar çıxır.

Bu illər ərzində onların mövcudluğu necə bilinməyib? Əməliyyat niyə məhz indiki zamanda keçirilib? Aralarında siyasi partiya rəhbərlərindən biri də olmaqla qruplaşmanın Azərbaycandakı əsas nümayəndələrindən sayılan şəxslərin həbsi nədən xəbər verir?

Mövzunu Globalinfo.az-a dəyərləndirən siyasi analitik, professor Hüsamettin İnaç FETÖ-nün uzun illər formalaşma prosesi və Türkiyədəki fəaliyyətindən söz açıb:

"Bildiyimiz kimi FETÖ Türkiyədə 2016-cı il 15 iyul tarixində baş verən hadisələri ilə terror qruplaşması kimi varlığını göstəmişdi. 50 illik keçmişi olan bir terror təşkilatından danışırıq. Bu müddət ərzində FETÖ Avropa Birliyi, Amerika, həmçinin Fransa və Almaniya kimi Qərb, o cümlədən Skandinaviya ölkələri tərəfindən ciddi şəkildə dəstəklənib. Təşkilat xüsusilə Türkiyəyə qarşı, hakimiyyəti devirmək məqsədilə CİA, MOSSAD kimi kəşfiyyat agentlikləri ilə ortaq çalışaraq məlumatlar toplayırdı. 50 il müddətində bürokratik sistemə, orduya, dövlət qurumlarına, akademik mərkəzlərə yayılaraq möhkəmləndilər. Bu təşkilat Amerika tərəfindən sadəcə Türkiyə üçün deyil, 160 ölkə hədəf alınaraq yaradılıb. Həmin ölkələrin hər birində FETÖ dövlətin bir sıra rəsmi dairələrində özünə yer edib.

15 iyul hadisələrindən sonra Türkiyədə bu qruplaşmaya qarşı ciddi mübarizə aparılsa da, 50 illik bir təşkilatın 5-6 ildə tamamilə çökdürülməsi təbii olaraq mümkün deyildi. Hər nə qədər Türkiyə daxilində FETÖ-nün nümayəndələri təmizlənmiş olsa da, zamanla ABŞ və Avropanın dəstəyi ilə onlar yenidən güclənməyə başlayıblar. İndiki məqamda yenidən möhkəmlənmək üçün bir boşluq axtarırlar. Türkiyə də bunu nəzərə alaraq Azərbaycan və Pakistan kimi dost ölkələrdən başlamaqla qruplaşmanın qalıntılarını əməkdaşlıq çərçivəsində təmizləmək üçün hərəkətə keçdi. Kəşfiyyat istiqamətində ortaq çalışaraq bu məsələyə vacib addımlar atıldı”.
 
Hüsamettin İnaç

Professor bildirib ki, bir sıra ölkələrdə FETÖ hakimiyyət sistemi ilə bütünləşib:

"Təəssüf ki, bəzi ölkələrdə bu mövzuda uğur qazanmaq mümkün olmadı. Məsələn, Qırğızıstan demək olar FETÖ-nün məskəninə çevrilir. Hətta o dərəcə ki, qruplaşmanı ölkədən çıxardıqda dövlət mexanizmi anlayışı qalmayacaq. Qazaxıstanda da vəziyyət eynidir. Lakin Azərbaycanla bu istiqamətdə ciddi əməkdaşlıq qurulmuş, birlikdə keçirilən əməliyyatlarda yaxşı nəticələr əldə edilmişdi. FETÖ dediyimiz bu təşkilatın bir də passiv hücrələri var. Belə ki, təşkilatın maliyyələşdirdiyi müəssisələrdə təhsil almamış, onların qurumlarında çalışmamış, qruplaşma daxili xəbərləşmə sistemindən istifadə etməmiş kripto adlanan şəxslər var. Zamanı gələndə mərkəz bu insanlardan istifadə edir”.

H.İnaç FETÖ-nü Azərbaycanda yönləndirən qüvvələr və onların məqsədinə diqqət çəkib:

"44 günlük müharibədən sonra Azərbaycan və Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoydu. Artıq Ermənistanda sülh danışıqları çərçivəsində vacib addımlar atılır. Lakin ABŞ və Rusiya bunun tərəfdarı deyil. Nəticədə Vaşinqtonun FETÖ vasitəsilə Azərbaycan daxilində provakasiya yaratmaq kimi bir məqsədi ola bilər. Çünki Azərbaycan Avropanın qaz ehtiyacını qarşılamaq, Türkiyənin iştirakı ilə sülh üçün danışıqlarda aktiv mövqe sərgiləmək və işğalda olan torpaqlarını qaytarmaqla dünyanın diqqətini özünə çəkmiş oldu.

Həmin qrupların aktivləşməsilə Azərbaycanın uğurlarının qarşısını almağa cəhd etmək istəyirlər. Bunu da daha çox müxalifət üzərindən həyata keçirməyə çalışırlar. Türkiyədə də müxalifət seçkilərdən əvvəl FETÖ ilə birlikdə hərəkət edəcəyini, bu qruplaşma ilə əlbir olduğu üçün vəzifəsindən uzaqlaşdırılan şəxslərin yenidən fəaliyyətə cəlb olunacağını açıq şəkildə demişdi. Belə görünür ki, eyni sistemi Azərbaycanda da həyata keçirməyə, təşkilatın güclü şəkildə kök saldığı dövlət sistemi formalaşdırmağa çalışırlar”.

Müsahibimiz qruplaşmanın üzvlərinin ölkədən tamamilə təmizlənməli olduğunu deyib:

"Hazırda Pakistanla Azərbaycan arasında münasibətlərin inkişaf etdiyi, Türkiyə ilə əlaqələrin möhkəmləndiyi, Cənubi Qafqazda ABŞ və Rusiyanın təsirini itirməyə başladığı bir zamanda FETÖ kimi bir terror təşkilatının yenidən hərəkətə keçirilməsi təbii haldır. Bu təşkilata çalışan bir nəfərin belə dövlət qurumlarında qalması iki ölkə üçün də gələcəkdə ciddi problemlərə yol aça bilər. O baxımdan fasiləsiz olaraq qruplaşmaya qarşı mübarizənin aparılması vacibdir. Həm Türkiyə, həm də Azərbaycanın bu müddətdən uğurla çıxacağına əminəm”./Globalinfo.az

RƏYLƏR