Azərbaycan Gənclər Fondunun dəstəyi və Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində "Konstitutsiya və Suverenlik: İrsdən Zəfərə” adlı konfrans keçirilib.
AZXEBER.COM xəbər verir ki, 27 mart tarixində keçiriılın tədbirdə 300-dən çox gənc iştirak edib. Çıxışlar zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində atılan mühüm addımlardan bəhs olunub. Qeyd edilib ki, Prezident İlham Əliyevin müharibə dövründə dünyanın 30-dan çox nüfuzlu media qurumuna verdiyi müsahibələr informasiya cəbhəsində Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb və informasiya müharibəsində qələbənin əsas göstəricilərindən biri kimi qiymətləndirilib.
Konfrans çərçivəsində Azərbaycan Konstitusiyasının cəmiyyət və dövlət üçün əhəmiyyəti, hüquqi dövlət quruculuğundakı rolu, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında oynadığı funksiyalar geniş müzakirə olunub. Çıxış edənlər Konstitusiyanın demokratik və güclü cəmiyyətin formalaşmasında əsas hüquqi baza olduğunu vurğulayıblar.
Layihə çərçivəsində keçirilən tədbirlərin növbəti ünvanı isə Mingəçevir Dövlət Universiteti olub. Universitetdə təşkil olunan tədbirdə 200-dən artıq müəllim və tələbə heyəti iştirak edib. Burada da Konstitusiyanın dövlətçilik ənənələrinin qorunması, hüquqi şüurun formalaşdırılması və milli həmrəyliyin möhkəmləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbir iştirakçıları arasında gənclərin hüquqi maarifləndirilməsi, milli dəyərlərin təbliği və dövlətçilik ideyalarının təşviqi istiqamətində belə layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edək ki, layihə çərçivəsində "Konstitutsiya və Suverenlik: İrsdən Zəfərə” adlı sosial çarx da hazırlanaraq sosial şəbəkələrdə yayımlanıb.





































