Qax Rayon İcra Hakimiyyəti Qax şəhərinin küçələrində yol və səkilərin əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.
Satınalmanın qalibi "VNM İnşaat” MMC seçilib.
Təmir işlərinin həyata keçirilməsi üçün şirkətlə 722 695,84 manat məbləğində müqavilə bağlanıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "VNM İnşaat” MMC 13 mart 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır.
Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15-dir. Şirkətin qanuni təmsilçisi Vüqar Məhəmməd oğlu Nağıyevdir.
Açıq internet resurslarında "VNM İnşaat” MMC və onun qanuni təmsilçisi Vüqar Nağıyev barədə geniş məlumat yoxdur.
Araşdırma zamanı məlum olub ki, Vüqar Nağıyev 2024-cü ilə qədər "VNM Servis” MMC və "VNM İnvest” MMC-nin də qanuni təmsilçisi olub. Hər iki şirkət "VNM İnşaat” MMC ilə eyni tarixdə — 13 mart 2023-cü ildə təsis edilib.
Şirkətlərin adlarında yer alan "VNM” abreviaturasının Vüqar Nağıyevin adı, soyadı və atasının adının baş hərfləri ilə uyğunluq təşkil etməsi də diqqət çəkir. Bununla belə, sözügedən üç şirkətin eyni şəxsə məxsus olması barədə açıq mənbələrdə təsdiqlənmiş məlumat yoxdur.
Dövlət satınalmalarının vahid internet portalında aparılan araşdırmaya görə, "VNM İnşaat” MMC 2026-cı ildə bir neçə satınalma müsabiqəsinin qalibi olub. Qax Rayon İcra Hakimiyyəti ilə bağlanan 722 695,84 manatlıq müqavilə də şirkətin son tenderlərindən biridir.
"VNM Servis” MMC və "VNM İnvest” MMC də müxtəlif dövlət satınalmalarında iştirak edib.























