MDU, AzTU və Türkiyənin Qazi Universitetinin təşkilatçılığı ilə kibertəhlükəsizlik mövzusunda konfrans keçirilib

OXUNUB: 97
2023-cü ilin 29 noyabr – 1 dekabr tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU), Türkiyənin Qazi Universiteti və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli” çərçivəsində "30 Noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü”nə həsr olunmuş "İnformasiya təhlükəsizliyi və kibermüdafiə: qlobal tendensiyalar və strategiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib.

Onlayn formatda təşkil edilən konfransda hər üç universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.

Konfransın açılışında AzTU-nun rektoru Vilayət Vəliyev, MDU-nun prorektoru Veysəl Əyyubov, Qazi Universitetinin prorektoru Ramazan Bayındır və Texnoloji fakültəsinin dekanı Musa Atar salamlama nitqi ilə çıxış ediblər.

Konfrans 3 gün müddətində "Kibertəhlükəsizlik siyasəti və strategiyaları”, "Kibertəhlükəsizlik və kiberhücumlar” və "Kibermüdafiə sahəsində texnologiyalar və yeniliklər” adlı panel müzakirələrlə işini davam etdirib.

"Kibertəhlükəsizlik siyasəti və strategiyaları” adlı birinci panel Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru Cemal Yılmazın moderatorluğu ilə keçirilib. Bu paneldə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov, Qazi Universitetindən professor Ayhan Erdem, professor Ali Akcayol, dosent Sinan Toklu və dosent İbrahim Alper Doğru, MDU-dan dosent Elmira İsrafilova, Validə Nuriyeva və AzTU-dan Fərid Qasımlı məruzələrlə çıxış ediblər.

"Kibertəhlükəsizlik və kiberhücumlar” adlı ikinci panelə AzTU-nun Kibertəhlükəsizlik kafedrasının müdiri professor Yadigar İmamverdiyev moderatorluq edib. Bu paneldə Kiber Təhlükəzlik Platformasının icraçı direktoru Şahin Alıyev, Qazi Universitetindən professor Hacer Karacan və professor Yusuf Sönmez, AzTU-dan dosent Yadigar İmamverdiyev, MDU-dan dosent Aidə Mustafayeva, Günel Baxşiyeva, Elvin Muradzadə və Məryəm Əsədova çıxış ediblər.

MDU-nun Mühəndislik fakültəsinin dekanı, dosent  Almaz Əliyevanın moderatorluğu ilə keçirilən "Kibermüdafiə sahəsində texnologiyalar və yeniliklər” adlı üçüncü paneldə Qazi Universitetindən dosent Ümit Atila, dosent Adem Tekerek və Esra Söğüt,  Receb Tayyip Erdoğan Universitetindən Mehmet Sevri, MDU-dan Nərmin Əhmədova və Şəbnəm Nəsirova, AzTU-dan Adilə Kərimova və Əzimə Abasova çıxış ediblər.

Maraqla qarşılanan məruzələrdən sonra panel iclaslarında mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Qazi Universiteti, AzTU və MDU arasında üçtərəfli formatda əməkdaşlığın davamlılığına xüsusi önəm verilir. Bu çərçivədə hər üç ali təhsil müəssisəsinin rektorları, akademik və inzibati heyət üzvlərinin müntəzəm görüşləri keçirilib, müxtəlif formatda birgə tədbirlər təşkil olunub və beynəlxalq konfranslarda tərəfdaşlıq həyata keçirilib.
 











RƏYLƏR