İkili diplom proqramının rəhbər komitəsi Ege Universitetində səfərdədir

OXUNUB: 680 GÜNDƏM Özəl SOSİAL
 
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin İzmir şəhərində yerləşən Ege Universiteti tərəfindən birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramının rəhbər komitəsi Ege Universitetinə səfər edib. Səfər çərçivəsində ikili diplom proqramının rəhbər komitəsinin iclası keçirilib. İclasda gələcəkdə birgə həyata keçiriləcək layihələr, müəllim-tələbə mübadiləsi və digər məsələlər müzakirə olunub.
Nümayəndə heyəti Ege Universiteti tərəfindən Türkiyə Cümhuriyyətinin 100-cü il dönümünə həsr olunan tədbirlər çərçivəsində keçirilən "I Beynəlxalq Ədliyyə Kənd Təsərrüfatı Konqresi və Sərgisi”ndə də iştirak edib.  
Tədbirdə ADAU-nun rektoru Zəfər Qurbanov, Ege Universitetinin rektoru Necdət Budak, Katip Çelebi Universitetinin rektoru Saffet Köse, Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, ikili diplom proqramının təşkilat komitəsinin digər üzvləri, müəllim və tələbələr iştirak ediblər.  
Tədbirdə çıxış edən Zəfər Qurbanov ADAU ilə Ege Universiteti arasında qarşılıqlı elmi tədqiqat işlərinin aparılması, tələbə mübadiləsi, o cümlədən iki universitet arasında həyata keçirilən ikili diplom proqramı barədə ətraflı məlumat verib. 
Necdət Budak Cümhuriyyətin 100-cü ildönümü ilə əlaqədar Türkiyədə ilk dəfə keçirilən konqresin əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin 68 illik tarixi olan Ege Universitetinin elmi işləri, professor-müəllim heyəti, fərqlənən tələbələri və məzunları barədə məlumat verib.  
Daha sonra çıxış edən natiqlər  konqresin tədqiqatçılar və mütəxəssislər üçün həm nəzəri, həm də praktiki olaraq kənd təsərrüfatı elmi daxilində məhkəmə ekspertizası sahəsində ən son yenilikləri müzakirə etmək üçün mühüm akademik platforma olduğunu bildiriblər.
Konqresdə "Kimyəvi Bioloji Radioloji Nüvə Təhdidləri”, "Bioterrorizm”, "Aqroterrorizm”, "Kənd Təsərrüfatı Fəlakətləri-Cinayət Axtarışı”, "Rəqəmsal Kənd Təsərrüfatı və Ədliyyə Mütəxəssisiliyi” və "Kənd Təsərrüfatı Cinayətlərinin Araşdırılması” mövzularında təqdimatlar edilib.
 


 

RƏYLƏR