İran vətəndaşı Azərbaycanda necə həkim işləyir? Məhəmməd Mehdi Aslani ilə bağlı ciddi suallar

OXUNUB: 0 Özəl HADİSƏ
İran vətəndaşı Məhəmməd Mehdi Aslaninin Azərbaycanda özünü həkim kimi təqdim etməsi və tibbi xidmət göstərməsi ilə bağlı suallar yaranıb.

Aslaninin sosial şəbəkə hesablarında şəkərli diabetin müalicəsi ilə məşğul olduğu, hətta xəstələrin bu xəstəlikdən tamamilə xilas edilə biləcəyinə dair iddiaların səsləndirildiyi görünür.
Məsələnin əsas sualı isə onun Azərbaycanda praktik tibbi fəaliyyət göstərmək üçün bütün zəruri hüquqi prosedurlardan keçib-keçməməsidir.

Azərbaycan qanunvericiliyinə əsasən, xarici ölkədə tibb təhsili almış şəxsin diplomunun olması avtomatik olaraq ona Azərbaycanda həkim kimi işləmək hüququ vermir. Xaricdə əldə edilmiş ali təhsil kvalifikasiyasının Azərbaycanda tanınması üçün müvafiq prosedurdan keçilməsi tələb olunur.

Bundan əlavə, xaricdə tibb təhsili almış və diplomdan sonra ixtisaslaşma keçmiş tibb işçilərinin Azərbaycanda işə buraxılması üçün Səhiyyə Nazirliyinin ayrıca proseduru mövcuddur. Nazirliyin elektron xidmətlərində bununla bağlı xüsusi xidmət nəzərdə tutulub.
Özəl tibbi fəaliyyət məsələsində isə fəaliyyətin qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsi, tibb işçisinin müvafiq ixtisasa və peşə tələblərinə cavab verməsi, həmçinin fəaliyyət göstərilən tibb müəssisəsinin tələb olunan lisenziyaya malik olması mühüm şərtlərdəndir. Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlər ayrıca müəyyən edilir.
Bu baxımdan Məhəmməd Mehdi Aslaninin konkret olaraq hansı ali tibb müəssisəsini bitirməsi, hansı ixtisasa malik olması, xaricdə aldığı diplomun Azərbaycanda tanınıb-tanınmaması, Səhiyyə Nazirliyinin müəyyən etdiyi işə buraxılma prosedurundan keçib-keçməməsi və Azərbaycanda hansı hüquqi şəxs və ya tibb müəssisəsi vasitəsilə fəaliyyət göstərməsi ictimai maraq doğuran məsələlərdir.
Burada söhbət yalnız bir şəxsin fəaliyyətindən deyil. Söhbət birbaşa insanların sağlamlığından getdiyi üçün tibbi xidmət göstərən şəxsin peşəkar statusu və hüquqi əsasları şəffaf olmalıdır.

Xüsusilə şəkərli diabet kimi xroniki xəstəliklə bağlı "tam müalicə” xarakterli iddiaların hansı elmi və tibbi əsaslara söykəndiyi də ayrıca araşdırılmalıdır.
Bu səbəbdən aidiyyəti qurumlardan — ilk növbədə Səhiyyə Nazirliyi və digər səlahiyyətli dövlət qurumlarından — Məhəmməd Mehdi Aslaninin Azərbaycanda tibbi fəaliyyət göstərməsinin hüquqi əsaslarına aydınlıq gətirməsi gözlənilir.

Məsələ ilə bağlı həmin şəxsin və fəaliyyət göstərdiyi tibb müəssisəsinin mövqeyini dərc etməyə hazırıq./btv
 
 
 
 

7NEWS.az

RƏYLƏR