Mübariz Mənsimov 'öldü' - Aydın Caniyev yazır

OXUNUB: 1508 KÖŞƏ index-manşet
Deyirdim axı Hatəm Tai ölüb 
və yaxud
Mübariz Mənsimovun gileyinə sözardı...

Əzizim lənkəranlılar bilir: hələ 2005-ci ildə bir replika atmışdım ona: açığı, bir az da qəddarcasına. İrad bildirməyə haqlı olsalar da, amma nəticə çıxarmaq əvəzinə, kontur yüklətdirib əməlli söyürdülər "XL" fanatları - onların içində hətta sinif yoldaşım da vardı. Deməli, göy 50 minlik veriblər ki, al bu pulu, kontur vur, söy bu nömrədəkini. "Kimdi axı, bu" sualına da deyiblər ki, bəs qardaşa söz atıb, ağızbəhəmlik edib. Bir də görürəm sinif yoldaşım yığır e məni...
Nə isə... keçdim öz talışlarıma. Çünki ondan əvvəl eyni hərəkəti Fazil Mustafa elətdirmişdi... mənim iş yoldaşlarıma, tələbə yoldaşlarımın əliylə!
Deməyim bu deyil. Deməyim o ki...

Hatəm Tai ölüb!

Tarixdə bir Hatəm Tai olub, - siz allah, siz ölənlərinizin goru, mənə dirəşib mənbə istəməyin, " ibn Hacıəli əbu Aydın" həndəsi silsiləsini xatırlamıram, - Məhəmməd peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) merac gecəsində görür ki, hacılarla xeyriyyəçilər çıxıblar saçyolduya, dartmayaxamcırıldıya. Qayıdır ki, ya cənabi-Cəbrail, bu nə mərəşulədi?
Cəbrail ələyhissəlam da deyir ki, indi tələsirik, imkan tapıb deyərəm boş vaxtımız olanda.
Və... məlum olur ki, bu Hatəm Tai imiş. Həccə-zada da getməyibmiş, amma və lakin, elədiyi xeyriyyəçilik o qədər əfzəlindən olub ki, hacılar bunu öz məqamında görürmüş. Özlərinə şərəf vermək üçün - yəni, Hatəm Tai də bizim barakda, kazarmada, yataqxanada, nə bilim, oteldə qalır.
Xeyriyyəçilər də Evez Zeynalliı Panah Huseynə qoşulandan gündə meriyaya mitinq, piket üçün ərizə yazdıqları kimi, meriyanı bezdirdikləri kimi, onlar da QURBANOLDUĞUMU boğaza yığıblar. Ki... bəs xeyriyyəçiliyin şərəfini, şanını, namını nə işə bu həcilər əlimizdən alırlar? Şüar: Hatəm Tai bizimdir, bizim də olacaq. Gələn qurban bayramında, inşaallah, onu qaytaracağıq... öz mərtəbəmizə! Lazım gəlsə, lap cənnəti də tərk edəcəyik!
Məxləs...
Babalı bunu oxuyan gözlərimin, dərk edən ağlımın, qəlbimə girən şeytanın boynuna ki, yadımda belə qalıb: Qiyamət gününəcən Hatəm Tai... iki cənnət mərtəbəsinin arasında girinc-giriftar qalacaq həci qərdeşlərimizin nəfsgirliyinə görə!
Burdan "reski perexod" edək, Hatəm Tainin yaşadığı dövrə və məmləkətə, qoy həcilərlə xeyriyyəçilər öz işlərində olsun, biz də öz işimizdə.
Deməli, Hatəm Tai hər həftə kasıba-kusuba, əlsiz-ayaqsıza ehsan verirmiş. O qədər ki... hamıya çatırmış və əlavə olaraq deyim ki, Hatəm Tai ehsanı əhli-ümumiyyə üçün verirmiş. Kim istəsə, gəlib bir pay da o ala bilərmiş. Beləcə davam edir, tainki, Hatəm Tai cismən bu dünyaya əlvida deyir. Onda bir kişi hönkür-hönkür ağlayır, bəs deməzsənmi, Hatəm Tai öldü! Oğlu da o yandan qayıdır ki, kişi, mən yerindəyəm, hər cümə günü o ehsanı mən verəcəm!
Kişi deyir, a bala, ay oğul, ay xeyriyyəçi, mən deyirəm ki, Hatəm Tai öldü! Oğul hirslənir və deyir ki, Hatəm Tai yaşayıb, yaşayır və yaşayacaq!
Kişi də dirəşir e təpcəyəcən:
- Yaxşı, vaxtı çatanda sənə deyərəm!
Əlqərəz, həftənin dördü, ayın ikisi keçir, il yarıya çatmamış, bir də görürlər ki, Hatəm Tainin oğlu həmin o "Hatəm Tai öldü" deyən kişiyə hirslənir:
- A kişi, bayaq aparmadın bir kasa? İndi də birin alırsan. Sonra da deyirsən Hatəm Tai öldü!
Ağsaqqalın dizi qatlanır və çökür:
- Deyirdim axı Hatəm Tai öldü, dirəşirdin briqadir atları kimi ki, yox e, ölməyib. A bala, ay oğul, sən Hatəm Tai olsaydın, mən beşinci dəfə də kasa əlimdə gələndə dinməzdin, bilərdin ki, mən özüm aclardan deyiləm, sadəcə, sənin ehsanın ovsanata düşsün deyə, evdən çölə çıxa bilməyən, kar, kor, şikəst, əlil üçün gəlib aparıb verib qayıdıram bir də. İndi gördün Hatəm Tai ölüb?

YAZIYA SÖZARDI: Yox, allah eləməsin, Mübariz Mənsimova heç nə olmayıb, sadəcə o ki deyib e, niyə məndən istəyirsiniz, dövlət məmurlarından istəyin, bax ona görə deyirəm: xeyriyyəçi Mübariz Mənsimov öldü! Biznesmen, gəmi sahibləri, arada xeyriyyəçilik edən Mübariz Mənsimov sappasağ, cağbacağ yerindədi! Sadəcə... Hatəm Tai ölüb!

DALDAN ATILAN DAŞ ƏVƏZİ və yaxud ƏVVƏLDƏN ATILAN YARMAÇANIN NƏDƏNİ: Nəinki doğulduğum Kərgəlan kəndində, böyüdüyüm Lənkəran rayonunda, yaşadığım cümlə Azərbaycanda elə bir oğul tapılmaz ki, məndən artıq hiss eləsin, bilsin ki, kimdən və nədən pul iyi gəlir, kimin pulunu almaq olar, kimi qazlamaq olar, kimə atmaq, kimi aldatmaq, kimə "kukuş" gəlmək olar. Yoxdur, olmayıb, olmayacaq da. Çünki, mən ilk növbədə, yəhudilərin pulu necə qazanmalı sualına verdikləri cavabı bilirəm. İkincisi, mən həyatda yüz kişinin üstünə peşova getdiyi qadını sevərəm, onu başdan-ayağa öpərəm, amma pula əyilmərəm! "Pul... bu Yer üzünün Allahıdır", - deyirdi Müəllim. Mən Yer allahının yox, Göy Allahının quluyam! Sevdirəcək pul! Amma və lakin... yaşamağı şərtləndirən o pulu mən Kişilərdən ərklə istəmişəm, kişi kimi istəmişəm! Və deyim ki, onda niyə Mübariz Mənsimova yarmaça atmışdım "XL" bəhanəsiylə.
SÖZARASI: Bu ərəfələr potensial qatil stadiyasındayam, həyatdı, bilmək olmaz, qoy deyim, hörmətli Mübariz Mənsimov cənabları bilsin.
Bu ölkə Mübariz Mənsimovu tanımazdan qabaq bir Talıb Xalıq oğlu Orucov vardı - onu tanıyırdı. Mətbuat nümayəndələri onu çox yaxşı tanıyıb və ruhunu da bu günəcən əziz tutur. Özü məni tapmışdı, dostlaşmışdı - "Millətin səsi" qəzetinə ayaq açanda. 2001-ci ildə. Onda mənə xərclikdən tutmuş kostyum-ayaqqabı bağışlamağacan... sirlərini də hədiyyə eləmişdi! Ən yaxın dostu rəhmətlik Zeydulla Ağayevin yanına da aparmışdı. Zeydulla müəllim rəhmətlik də inanmamışdı ki, mən doğrudan da Talıb kişiyə qoşulub Xarici Dillər Universitetinə gələr, Zeydulla müəllimin həyat və yaradıcılığında özünün belə unutduğu uğurları ona xatırladar və fəxr etdiyimi deyərəm. Hamı məni "zırrama, yekəxana, konstitusiyasız adam" kimi təqdim edir(di) axı, üstəlik də mətbuatın imicmeykerləri mənim üçün təzə-təzə "alkaş", "babnik" obrazı formalaşdırır.
Bir kəlmə ilə deyim o görüşün nəticəsini, keçək Mübariz müəllimdən incikliyin mahiyyətinə, çox intizarda saxlamayaq onu.
Zeydulla müəllim soruşanda ki, Aydın müəllim... durdum ayağa, yönəldim qapıya tərəf... duruxdu... "hara belə", - dedi.
- Zeydulla müəllim, MÜƏLLİM Sizsiniz, əgər mənə müəllim müraciəti olacaqsa, üzrlü sayın, mən yoxam, Müəllim müracitəi mənim üçün müqəddəsdir! O qədər ki, qalıb Lənkəran Universitetində işləmədim!
Gözəl bir qəhqəhə çəkdi və əlavə etdi:
- Səndən uşaqlarını soruşacaqdım, - iki qızım var, - dedim, ardınca: nə qədər mən sağam, burdayam, arxayın ol ki, övladların yüzdəyüz buranın tələbəsidir!
- Təşəkkür, amma Sizdən xahişim odur ki, bunu Talıb kişiyə izah edin.
- Səni ağıllı sayırdım yazılarına görə, amma day bu qədər də yox! Doğru deyir, ay Talıb.
Talıb Xalıq oğlu nə mənim dediyimə inanırdı, nə də Zeydulla müəllimin təsdiqini qəbul etdi və....
Aydın Bəşirovla mətbuat üzərindən davasını aparmaqdan əl çəkmirdi!
O ərəfələrdə... Mübariz Mənsimovun sorağı Türkiyədən gəlməyə başladı.
Talıb necə sevinirdi, İlahi!
Çünki... necə ki mən yazı yazmadan qala bilmirəm, nəfəs ala bilmirəm, yaşaya bilmirəm, bu fb olmasaydı, çoxdan ölərdim - baxmayaraq ki, burda yazdıqlarıma lopux da vermirlər pul anlamında, eləcə də Talıb Xalıq oğlu.
Gəmi, dəniz, səyahət Talıbın yaşam stimuluydu.
Talıb həmişə imkanlı kişi olub. Amma neçə illik işsizlikdən, mübarizədən, üzünə bağlanan qapılardan sonra bir az sınıxmışdı. Cəngavər kimi üstdən üst, altdan alt geyinib Koroğlu tək Toqat səfərini yapdı. Hansısa sənədi istəyəsiydi Mübariz Mənsimovdan ki, bir daha gəmi ilə səfərdə olsun!
O... o səfərdən sənədsiz və yaxud da istəyinə çatmadan qayıtdı - öz gəmisinin işçisi olan həmrayonlusu onun yaralı barmağına ilkin tibbi yardımı etməmişdi - imkanı olmamışdımı, istəməmişdimi, nə olmuşdusa, nə açıqlama istəyir versin, bildiyim odur ki, Talıb ömrünü orda qoyub peşman gəlmişdi.
Mən onunla Dənizçilik Məktəbinin - indi Akademiyadır, - bir az daha arxa tərəfində "Submarintrans" adlı bir firmaya getdik. Deyəsən, Şükür Rzayevin oğlanlarının idimi, ya qohumlarının. Lazım olanı onlar verdilər. Və Talıb mənə sonuncu yaxşılığını etdi: o qardaşlardan biri ilə görüşdürdü, guya da analarından kitab yazdıracaqdılar, diktofon verdilər, üstəlik də 200 doillar pul.
Həyat deyəsən axarına düşmək üzrəydi. Və...
Talıb Orucovun ürəyi dayandı 8 martda!
Talıb Xalıq oğlu Orucov onda mənə inandı.

SÖZÜMÜN MUSTAFASI: İndi istəyir Mübariz Mənsimov 10 milyon ədəd gəmi buraxdırsın hər bir azərbaycanlının adına, hər birinə təqaüd versin, ev tiksin, nə istəyir eləsin... mənim gözümün qabağında 26 gəmisindən birində də olsa Talıb Xalıq oğlu Orucov üçün iş tapılmayıbsa... gerisi təfərrüatdır!
Talıb Xalıq oğlu Orucovun Şatıroba kəndindəki başdaşında bir bənd şeir var. O şeiri mən Arif Aydindan götürmüşəm.

Məndən istədilər başdaşına şeiri...
Mən dostların dəfnində olmuram!
Mən dostların ölümündən yazmıram!
Mən və dostlarım ölməzik!
Amma, amma, amma...
Hatəm Tai elə o ölən ölüb!

PENTALGİN-TSİTRAMON-TEMPALGİN-BARALGİN...

Belə görürəm, başınızı ağrıtdım çox, odur ki, keçək lağlağıya.
Bunu türmədə dustaq yoldaşlarıma danışmışam. Bəri başdan demişəm, axır ayaqdan da əlavə edim: mən hədisləri, əhvalatları latayır danışıram. Üzrlü sayın. Məqsədim mahiyyəti çatdırmaqdır!
Deməli, kamerada məni ağıllı bilib, tay-tuş kimi, provokasiyaya şəkirlər, ala, jurnalyuqa, danış görək, nə bilirsən, nə var nə yox. Etiraf da edim ki, qızıl kimi oğlanlardır - adam öldürən, narkotik satan, maşın aşırdan, canım sənə desin, qız qaçırdan, polis bıçaqlayan, buket, əlqərəz.
Başladım nə başladım...
Allah təbərək və təala (indi dustaq qardaşlar gülməsin, neyləsin: içib məscid pəncərəsini sındıran adam sözə belə başlayır) Qiyamət günü şəxsən üç nəfəri mühakimə edəcək. Birinci bizim şəhid saydıqlarımızı. Deyəcək ki, ə, qəhhhrəman, gəl görüm bura. Mən sənə cəsarət vermişdim, güc vermişdim ki, xalqın namusunu, ölkənin torpağını qoruyasan, sən neylədin, ə, fıstrinkə?
Bu dəmdə "ponyatkalı qaqaş" "pryamoy" ağzımdan vurur:
- Ağsaqqal, çaşırsan a, sööbət şehiddən gedir!
- Qurban sənə, mən "fiktivni vayenni" bilet alıb şəhid adı düzəldənlərin mühakiməsindən danışıram. Şəhidlərə canımız qurban, dəqiq də bilirəm ki, Allahın yanında və bizim nəzərimizdə onlar müqəddəsdir.
- Davam elə, Ağsaqqal, amma day Allahın adıyla belə latayır yox da.
(iş təsbehlənməyə çatmadı, şükür, davam edirəm, bir az da üstünə qoyuram)
- Eləsiynən sən də elə danışarsan, "brat"! Bəli, bu qəhrəman da deyir ki, ya Rəbbim, gördün də, cumdum düşmənin üstünə, son ana qədər vuruşdum və... öldürüldüm.
- Mən demişdim, xəbərdar eləmişdim sizə şah damarınızdan yaxınam? Demişdim. Sən onda qazanc gördün, mənsəb gördün, atıldın, mənim sənə verdiyim gücü, cəsarəti hakimiyyət üçün xərcləmək istədin, mən də səni öldürdüm! Di haydı cəhənnəmə, şəhid adıyla alverin buracan idi.
Sonra Allah müəllimi-alimi çəkəcək məhşərə:
- Mən səni hamıdan savadlı, öyrədən göndərdim, sən sənə verdiyim o elmi neylədin?
- Ya rəbbim, şahidsən ki, mən elm öyrətdim, hər il şagirdlərim 700 balla girdilər.
- Utanmaz, onu fb-də yazırdın e, camaat da sənə sağ ol deyirdi, sən PEDAQOQLUQ ETMƏKDƏNSƏ, repetitorluq yapdın. Sən elmi alverə, qazanca çevirdin. Mən sənə elmi, savadı, istedadı pulla vermişdim? Di indi cəhənnəm(lik) ol - aldığın pullları da savadınla, istedadınla, elminlə birləşdir, özünü xilas elə cəhənnəm odundan.
Həə, mırt yeri xeyriyyəçilərə çatandadır.
Xeyriyyəçi qərdeşi xalça üzərinə sürütləyirlər.
- Alə, dəmşalağ, sənə o boyda var-dövlət verdim, bir qəpiklik savadın yox, ağlın yox, pulu bir yana, üç kilo yarım yağın iki manat yetmiş iki qəpikdən qiymətini kalkulyatorla sayırdın, hər şeyi sənə verdim, Aydını, Cəlil Cavanşiri, Mirze Sakiti, Evez Zeynallinı, Shemshad Aganı pula həsrət qoydum, sən neynədin?
- Ya rəbbim, axı şahidsən ki, mən hər qurban bayramında, 20 yanvarda, Novruz bayramında yardım edirdim.
- Ay nankor, mənə "paçka" gəlirsən, mən sənin üçün Az.TV-nin "Xəbərlər" proqramının aparıcıları, tamaşaçıları və ya Az.TV sədri Arif Alışanovam? Dümbələk sən 40 kilo əti paylatdırırdın, 400 kilo ətin pulunu Alışanova, onun porsuq müxbirlərinə verib "Xəbərlər"də iki dəqiqəlik süjet verdidirdin, o yandan da basıb boğmalayırdın. Onlar hərəsi üç arvad, beş maşın aldılar sənin süjet pullarınla, amma yüzlərlə ac bir tikə ətət həsrət qaldı! Get Az.TV-dəki kadrları təzə sədr əvəzi Rövşəndən al, cəhənnəm oduna göstər, o müx...birləri, müx...birƏləri, müx...ikiləri, "voobşe-to", o "muxa"ları çağır harayına!
Həə, əzizlərim, belə... sabah açılır. Sizə

günAYDIN

deyirəm, özümə ya Rəbbim, sən məni bu yerə bir də göndərmə!

Yadımdan çıxmamış deyim: Hatəm Tai elə o ölən ölüb!

SON SÖZ ƏVƏZİ: Fizuli Mamedov 25 ildir Rusiyada qazanır, Azərbaycanda paylayır, bir dəfə də dilinə gətirməyib ki, a bala, məndən day istəməyin, adam heç iki il deyil ortadadır, artıq məmurlara nə iş görməli olduqlarını dilə gətirir! Üstəlik də, təqaüd ayırdıqlarının içində eləsi var ki, kasıb adıyla, Mübariz Mənsimovun uşaqlarını nəinki Türkiyədə, Harvardda iki dəfə, hərəsində də iki fakültədə oxutdurar!
O rəhmətlik kişi demişdi axı... Hatəm Tai ölüb! Ölüb də ölüb!
Aydın Caniyev

RƏYLƏR