Murad Süleymanov saxta dərman probleminin həll edilməsi üçün bu neçə ildə nə edib?

OXUNUB: 366 Özəl GÜNDƏM HADİSƏ

Əczaçılıq bazarında dərmanların keyfiyyətinə kim məsuliyyət daşıyır?..

Ölkədə satılan dərmanların keyfiyyəti ilə bağlı mövzusuna həsr etdiyimiz analitik materialdan bir müddət sonra (burdan tanış ola bilərsiniz) İTV-nin "Sabaha saxlamayaq” verilişində Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri, həkim və ictimai sektorunun nümayəndələrinin iştirakı ilə dərman bazarındakı vəziyyət müzakirə olunub. Verilişdə məqaləmizdə əks olunan məsələlərin əksəriyyəti müzakirə edilib.

Qeyd edək ki, işıqlandırdığımız problemlərin mövcud olması efirdə çıxış edən mütəxəssislər tərəfindən faktiki təsdiqləndi. Lakin AEM mütəxəssislərinin qaldırılan problemlərlə bağlı cavabları məsələlərə aydınlığın gətirilməsindən çox yeni sualların yaranmasına gətirib çıxardı. Belə ki, Mərkəzin mütəxəssisləri Alman apteklərində satılan dərmanların dövlət qeydiyyatından keçməsini vurğulayırlar. Mübahisə etmirik. Lakin bu halda bir neçə sual yaranır:

1. Necə olur ki, bu apteklərdə satılan dərmanların Azərbaycan dilində istifadə təlimatları bir qayda olaraq olmur?

2. Dərmanların qiymətlərinə dair vahid qiymət cədvəli olduğu halda niyə bu apteklərdə dərmanlar daha bahalı qiymətə satılır?

3. Və nəhayət niyə bu aptekdə satılan dərmanlar digər apteklərdə satılan dərmanlardan daha keyfiyyətlidir?

Cəmiyyət üçün aktual olan suallar açıq olaraq qalmaqdadır.

Verilişdə iştirak edən ictimai xadim İlqar Hüseynli ölkədə keyfiyyətsiz dərmanlar probleminin mövcud olmasını etiraf edərək AEM-i bu məsələdə cavabdeh qurum kimi göstərib. Lakin AEM nümayəndəsi buna cavab olaraq ölkəyə daxil olan dərmanların bütün seriyalarının laborator analizlərdən keçirilməsini söylədi. Bu cavabın görünən və görünməyən hissəsi var və yenə də suallar yaranır:

1. Digər ölkələrdə hər dərmanın 1 seriyası yoxlanılırsa, Azərbaycanda bir dərmanın bütün seriyaları niyə yoxlamadan keçirilir?

2. Əgər bu məsələ yeni bürokratik əngəllərə yox, keyfiyyətin daha ciddi şəkildə yoxlanılmasına yönəlibsə, onda hansı səbəbdən ölkəyə keyfiyyətsiz dərmanlar idxal olunmaqda davam edir?

3. Dərmanların hər seriyası yoxlanıldığı halda, hansı səbəbdən ölkəyə idxal olunan bəzi dərmanlar qısa müddət ərzində, bəziləri isə uzun müddətdən sonra gömrükdən buraxılır?

Ən maraqlısı isə odur ki, Analitik Ekspertiza Mərkəzinin rəhbəri Murad Süleymanov hələ 2016-cı ildə Trend agentliyinə verdiyi müsahibədə ölkədə keyfiyyətsiz dərman vasitələrinin olduğunu təəssüflə etiraf edib. Bu halda da sual yaranır ki, bəs Murad Süleymanov 5 il keçdikdən sonra bu problemin həll edilməsi sahəsində nə edib?

Tanış olun: Analitik Ekspertiza Mərkəzinin direktoru: Təəssüf ki, ölkədə keyfiyyətsiz dərman vasitələri var (MÜSAHİBƏ)

Bütün bunlar açıq mənbələrdən götürdüyümüz və böyük suallar doğuran məlumatlardır. Təəssüf ki, Səhiyyə Nazirliyinin rəhbərliyi dəyişsə də bu sahədə hər hansı islahatların keçirilməsi müşahidə olunmur.

Son dövrlər əczaçılıq bazarında diqqəti cəlb edən məqamlardan biri də satışda böyük sayda Bioloji Aktiv Əlavələrin olmasıdır. Məlumdur ki, Tarif Şurasının dərmanların qiymətləndirilməsi siyasətinə başlandığı gündən əksər farmasevtik şirkətlər dərmandan çox, Bioloji Aktiv Əlavələrin idxalına üstünlük verirlər. Çünki onların qiyməti tənzimlənmir. Lakin BAƏ sadəcə qidanı zənginləşdirmək məqsədilə istifadə olunur, terapevtik, yəni müalicəvi effekti yoxdur. Bu səbəbdən qanunvericiliyin tələblərinə görə həkimlər BAƏ-ləri reseptə yaza bilməz. Lakin vəziyyət onu göstərir ki, Səhiyyə Nazirliyi buna nəzarət etmir. Nəticədə pasientlər bir çox hallarda bahalı lakin heç bir müalicəvi effekti olmayan Bioloji Qida Əlavələrinə pul xərcləyirlər. BAƏ-nin keyfiyyətinə dair ekspertizanı da AEM aparır və təəssüflər olsun ki bu mövzu ətrafında verilişdə müzakirələr aparılmadı.

Mövzunu davam etdirəcəyik.


RƏYLƏR