Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Oksford Universitetinin Blavatnik İdarəçilik Məktəbinin tələbəsi üçün təşkil olunmuş yay təcrübə proqramı başa çatıb.
Əsas məqsəd dövlət xidmətləri sahəsində "ASAN xidmət” təcrübəsinin öyrənilməsi, əldə olunan bilik və təcrübə əsasında elmi işlərin hazırlamasıdır.
Təcrübə proqramının yekununda Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Oksford tələbəsi ilə görüşüb. Görüş zamanı təcrübə proqramının nəticələri, "ASAN xidmət” modelinin dövlət idarəetməsində rolu, dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmalar və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Slovakiyali tələbə Azərbaycanda olmaqdan və "ASAN xidmət”də təcrübə keçməkdən məmnunluğunu ifadə edib, proqram çərçivəsində əldə etdiyi təcrübənin onun akademik və gələcək peşəkar fəaliyyəti baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Proqram çərçivəsində tələbəyə Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən təqdimatlar edilib və regional "ASAN xidmət” mərkəzinə səfər həyata keçirilib.























