Pandemiyada inkişaf edən, çiçəklənən şəhər – MİNGƏÇEVİR 2020-ci İLDƏ NECƏ YADDA QALDI? (FOTOLAR)

OXUNUB: 469 index-manşet Özəl GÜNDƏM İQTİSADİYYAT

Təbii gözəlliyi, planlı salınmış yaşıllıq sahələri, geniş küçə və prospektləri, park və xiyabanları, abad və səliqəli binaları ilə göz oxşayan Mingəçevir şəhərində yaradılmış şərait buranın daimi yaşayış üçün ideal bölgə olmasını şərtləndirir. Eyni zamanda Mingəçevir Azərbaycanın strateji sənaye şəhəri kimi boy göstərməklə respublikanın digər regionlarından seçilməkdədir.

 

Dünyanı bürüyən pandemiyanın gətirdiyi məhdudiyyətlərlə yadda qalan keçən 2020-ci il Mingəçevirə də təsirsiz ötüşmədi. Məhdudiyyətlər həm sənaye, həm turizm və ümumilikdə gündəlik həyatın bütün sahələrinə öz izini qoymağa bacardı. Şəhərdə apardığımız müşahidələrdə artıq Mingəçevirin post-pandemiya dövrünün canlanmasını hiss edirdik: çoxdandır bağlı qalmış dükan və ictimai-iaşə obyektlərinin işi bərpa olunur, gündəlik işə gedənlərin sayının çoxluğu da gözümüzdən yayınmır.

Rəsmi rəqəmlər Mingəçevir sənayesində 10 faizdən artıq azalmanın müşahidə olunduğunu etiraf edir. Qeyd olunur ki, ilin əvvəlindən şəhərin sənaye müəssisələrində 294,3 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 34,8 milyon manat və ya 10,6 faiz azalmışdır. Azalmanın əsas səbəbi kimi isə COVİD-19 infeksiyasının hər sahəyə təsir göstərdiyi kimi istehsalatdan da yan keçməməsi göstərilir. İstehsal olunmuş məhsulun 269,3 milyon manatlığı dövlət müəssisələrinin, 25,0 milyon manatlığı qeyri-dövlət sektorunun payına düşür. İstehsal sahələrində orta aylıq əmək haqqı 520,6 manat təşkil edib. Bu rəqəmlərdən çıxardığımız əsas nəticə odur ki, qeyri-dövlət sektorunda istehsalatın payı dövlət sektoru ilə müqayisədə çox aşağıdır və yerli ixtiyar sahibləri ilk növbədə şəhər iqtisadiyyatında özəl sahibkarların çəkisini artırmağı əsas məqsəd kimi seçməlidirlər.

Bununla belə, Şəhər ərazisində yerləşən ölkənin 60 faiz enerjisini təmin edən "Azərbaycan”İES-də irimiqyaslı yenidənqurma və əsaslı təmir işləri aparılmış, Stansiyada İdarəetmə Mərkəzi ilə birlikdə yeni inzibati bina inşa olunmuş, yeni kimya sexi, hava kompressor stansiyası, 330 kvt-luq qapalı yarımstansiya, azot və kislorod sexləri tikilmiş, 500 kvt-luq açıq paylayıcı və çirkab suların təmizlənməsi qurğularında yenidənqurma işləri aparılmışdır.

 

İstehlak bazarında azalma nisbətən aşağıdır, ərzaq məhsullarına olan tələbat isə artmışdır: "2020-ci ilin hesabat dövründə şəhərin istehlak bazarında əhaliyə 403,3 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 30,4 milyon manat və ya 7,0% azalma deməkdir. O cümlədən, pərakəndə əmtəə dövriyyəsinin həcmi 349,5 milyon manat, iaşə və pullu xidmətlərin həcmi 53,8 milyon manat təşkil etmişdir. Pərakəndə ticarət şəbəkələrində satılan istehlak mallarının 58,7 faizi ərzaq məhsulları, 41,3 faizi qeyri-ərzaq malları olmuşdur. Bu da öz növbəsində onu göstərir ki, istehlak bazarında ərzaq məhsullarına tələbat artmışdır.”

Məhdudiyyətlərə baxmayaraq şəhər rəhbərliyi ilin əvvəlində planlaşdırdığı və bəyan etdiyi genişmiqyaslı abadlıq və quruculuq işlərini davam etdirmişdir. Məlumat üçün bildirək ki, ötən il şəhər miqyasında tikinti-quraşdırma işlərinə cəmi 109,1 milyon manat, o cümlədən dövlət mülkiyyətinə 104,4 milyon manat və qeyri-dövlət mülkiyyətinə isə 4,7 milyon manat vəsait xərclənmişdir.

İl ərzində 11 ədəd doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtükləri və giriş blokları, ümumi istifadə olan yerləri, fasadı təmir olunmuşdur. Küçələrə, məhəllədaxili yollara və səkilərə, ümumilikdə 151077 m2 sahəyə yeni asfalt örtük salınmış, 34249 metr səki daşı qoyulmuş, ümumilikdə 20.4 km uzunluqda yol və səkilərə asfalt örtüyü çəkilmişdir.

 

"Dostluq” parkının genişləndirilmiş hissəsində abadlıq işləri yekunlaşmış, parkın ərazisində Dövlət rəmzləri muzeyi tikilərək istifadəyə verilmişdir. Eyni zamanda, Nəsimi, İncilli və Nizami parkları salınmışdır. Tərəvəzçilik sovxozu adlanan ərazidə yeni parkın salınması işlərinə başlanmışdır. Bundan əlavə şəhər 13 və 16 saylı orta məktəblərində əsaslı təmir işləri yekunlaşmış, şagird və müəllimlərin istifadəsinə verimişdir. Hazırda 12 saylı orta məktəb, İnteqrasiya tipli gimnaziya və şəhid A.Niftəliyev adına Mədəniyyət mərkəzində əsaslı təmir işləri davam etdirilmişdir.

2020-ci il Azərbaycan tarixinə pandemiya ili ilə yanaşı Qələbə ili kimi də düşdü. Apardığımız müşahidələrdən belə bir qənaətə gəlmək olar ki, bu qələbəni bizlərə yaşadan qazi və şəhid ailələrinin sosial problemlərinin həlli də Mingəçevir şəhər rəhbərliyinin gündəliyində daim ön sırada olub. Belə ki, Şəhər İcra Hakimiyyəti ərzində 2 dəfə, 18 oktyabr – Müstəqillik günü və 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə 233 şəhid ailəsinə, 245 nəfər Qarabağ müharibəsi əlilinə 187600 manat, 49 nəfər 2-ci Qarabağ müharibəsində həlak olmuş şəhidlərin ailələrinə 58400 manat, 43 nəfər 2-ci Qarabağ müharibəsi qazilərinə 8600 manat olmaqla, ümumilikdə 253000 manat məbləğində vəsait ayrılmışdır. Bundan başqa 2-ci Qarabağ müharibəsində həlak olmuş 47 şəhid ailəsinə, 52 nəfər Qarabağ qazisinə ərzaq yardımı edilmiş, 1 şəhid ailəsinin evi əsaslı təmir olunmuş, 3 nəfər qazinin mənzilinə istilik sistemi çəkilmişdir.



























RƏYLƏR