Qarabağdakı erməni icmasının cəmi bir yolu var - İmtina uçurumdur

OXUNUB: 253 Özəl SİYASƏT
Rəsmi Bakını təmsil edən nümayəndə heyətinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə martin 1-də Xocalı şəhərində keçirdiyi ilk görüşün davamlı olması təklifinin irəli sürüləcəyi gözlənilən idi. 

Bu təklifi məhz Ermənistanın 30 illik işğalına son qoyan tərəfin səsləndirməsi isə təbiidir:

Birincisi, Azərbaycan sülh gündəliyinə sadiqdir və Cənubi Qafqazda əminamanlığın bərqərar olması istiqamətində bütün vacib addımları atır;  

İkincisi, Qarabağda yaşayan erməni əsilli sakinlər Azərbaycan vətəndaşlarıdır, onların həyatlarına bu dövlət cavabdehdir. Onlarınsa həyatı bir qrup terrorçunun girovluğundadır;

Üçüncüsü, Azərbaycan ərazisində hər hansı qondarma separatçı qurumun terrorçu fəaliyyətinə, qanuna zidd əməllərinə imkan verməz, ümumiyyətlə dünyada heç bir müstəqil ölkə özü ilə bağlı belə vəziyyətlə razılaşmaz.

İlk görüş Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında keçirilmişdi. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs deputat Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə qarşı tərəfin görüşündə Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq onların reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Qərara alınıb ki, təmaslar davam etdirilsin.

Doğru qəraradır. Niyə eyni ölkənin vətəndaşları vahid Azərbaycan ərazisində Rus sülhməramlılarının qərargahında görüşməlidir?! Müharibə bitib, sülhə xidmət edən qarşlıqlı imzalanmış sənədlər mövcuddur, kommunikasiya əlaqələrinin bərpası üçün əməli işlər görülür, Qarabağda yaşayan erməniləri qanunsuz silahlı qruplaşma aldadır, qondarma "Artsax” nağılları danışıb onları mif xəstəliyinə düçar edir. Halbuki bu kimi nağılların sonunda işğalçıların başına göydən alma yox, bombalar yağdığı bütün dünyanın gözləri qarşısında baş verdi. Növbəti mərhələsə sülhə xidmət edir və etməlidir.

Təəssüf Cənubi Qafqazda separatizm ocağını sönməyə qoymayan və daha da alışdıran terrorçu xunta Azərbaycan tərəfinin növbəti dəfə konstruktiv mövqeinə adekvat münasibət göstərməyi bacarmadı.

Reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüş təklifinə Qarabağın erməni ictimaiyyətinin nümayəndələri yox dedi. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunurdu. Ənənəsinə sadiq qalan erməni tərəf yeni fürsəti dəyərləndirə bilmədi. Hələ də anlamıralar ki, sülh gündəliyində əksini tapan müddəalara əməl etmədikcə, təmasların inkişafına  qeyri-konstruktiv münasibət göstərdikcə, özlərini quyunun dibinə salmış olurlar. Azərbaycanın əbədi-əzəli diyarı olan Şuşanı "Şuşi” adlandırdıqlarına görə şüşə kimi cilik-cilik sındıqlarını, bu qırıntılarla əl-ayaqlarını kəsik-kəsik etdiklərini unutmaq başlarına bəla gətirib. Reallıq hissini itirənlərin mövcud vəziyyətdən nəticə çıxarması mümkün deyil. Düşdükləri acınacaqlı durumu dəqiqliklə anlamayacaqları təqdirdə böyük ziyan çəkəcəklər. Azərbaycan Prezidenti vurğuladığı kimi, onların başqa çıxış yolu yoxdur. Ya təmasları davam etdirərək, konstruktiv davranacaqlar, reinteqrasiya prosesinə qoşulacaqlar, ya da ərazidən getməlidirlər. Mövcud durumun perspektivi və məsələnin həlli üçün üçüncü yol yoxdur.

Azərbaycana reinteqrasiya etdiyi təqdirdə Qarabağdakı erməni icmasını hansı hüquq və azadlıqlar gözləyir sualına rəsmi Bakının cavabı belədir: etnik milliyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları konstitusion hüquq və azadlığa sahibdirlər.

Multikultural dəyər, tolerant yaşam azərbaycanlıların həyat tərzidir və həqiqəti monoetnik Ermənistan yürütdüyü diskriminasiya siyasəti prizmasından görmürsə, problemi özünün baxış bucağında axtarsın.  

Qarabağ ermənilərinin həyatı "işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı” olacaq, Azərbaycan Prezidenti İlham Əliyev ötən cümə axşamı keçirilən "Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində deyib və əlavə edib ki, Azərbaycanda milli azlıqların hüquqları Konstitusiya ilə qorunur.

Bu faktı təsdiq edən minlərlə gerçəklər var. Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları gerçəyi düzgün dəyərləndirməklə sülh və əminamanlıq içərisində yaşaya bilərlər. Əbədi düşmənlik olmur. Bütün münaqişələrin sonu sülhlə bitir. Azərbaycan sülh yolunda geriyə dönmədən Cənubi Qafqazda sabitlik, inkişaf, təhlükəsizilik məqsədinə doğru irəliləyir. Bu yolun Ermənistan üçün də alternativi yoxdur.

RƏYLƏR