Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür

OXUNUB: 0 SOSİAL
Bu gün Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasının üçüncü ildönümüdür.

Televiziyanın baş redaktoru Esmira Qasımova sosial şəbəkədə paylaşım edərək bildirib ki, kanal 2023-cü il avqustun 1-də ilk yayımını həyata keçirib. Cəmi bir həftə ərzində hazırlanan ilk efir iki saat davam edib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan Televiziyası fəaliyyətə başladığı gündən indiki Ermənistan ərazisindən deportasiya olunmuş azərbaycanlıların faciəli həyat hekayələrinin, xalqımıza qarşı iki əsrdən çox aparılan siyasətin, dağıdılmış tarixi abidələrin və məhv edilmiş mədəni irsin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərir.

"Bu gün Qərbi Azərbaycan Televiziyasının baş redaktoru olduğumu qürurla hər yerdə söyləyirəm, Qərbi Azərbaycana Qayıdış ideyasına xidmətimlə fəxr edirəm. Çətinliklərə sinə gərərək fəaliyyətimizi böyük entuziazmla davam etdiririk”, – Qasımova bildirib.

Baş redaktor qeyd edib ki, kollektiv sayca böyük olmasa da, Qərbi Azərbaycan İcmasının dəstəyini daim hiss edib. O, indiyədək televiziyanın fəaliyyətində əməyi olan hər kəsə təşəkkürünü bildirib və gələcək yayımların Qərbi Azərbaycandan aparılması arzusunu ifadə edib.

Qərbi Azərbaycan Televiziyası 2023-cü ildən internet üzərindən, əsasən YouTube platformasında yayımlanır. Kanalın proqramlarında Qərbi Azərbaycandakı azərbaycanlı yaşayış məntəqələrinin tarixi, deportasiya prosesləri, dəyişdirilmiş toponimlər, dağıdılmış abidələr, mədəni irs və soydaşların doğma torpaqlarına qayıdış hüququ ilə bağlı mövzular işıqlandırılır.

Televiziya müsahibələr, sənədli materiallar, müzakirələr və maarifləndirici proqramlar vasitəsilə Qərbi Azərbaycanla bağlı tarixi faktların və şəxsi xatirələrin qorunmasına, eləcə də Qərbi Azərbaycana Qayıdış ideyasının təbliğinə çalışır.

Qərbi Azərbaycan Televiziyasının kollektivini fəaliyyətinin üçüncü ildönümü münasibətilə təbrik edir, milli yaddaşın və tarixi həqiqətlərin təbliği istiqamətində fəaliyyətində uğurlar arzulayırıq.
 


RƏYLƏR