"Ədalət və İnkişaf Naminə” Uşaq və Gənclərə Dəstək İctimai Birliyi 11.08.2009-cu il tarixində yaradılmış və 30. 04. 2010 –cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.Təşkilatımız fəaliyyət göstərdiyi bu müddət ərzində bir sıra sosial layihələri uğurla həyata keçirmişdir.
Birliyimiz milli donor təşkilatı olan Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrində dəfələrlə iştirak etmiş və qalib olaraq bir sıra layihələrə imza atmışdır. Həyata keçirilən layihələr respublikanın müxtəlif bölgələrində yaşayan gəncləri əhatə etmişdir. Birliyimiz Fondun 17-ci qrant müsabiqəsində "QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi” adlı layihə ilə iştirak edərək qalib olmuşdur. Layihə çərçivəsində maarifləndirici sosial çarx hazırlanaraq nümayiş etdiriləcək, eyni zamanda yeniyetmə və gənclər arasında mütəxəssislərin iştirakı ilə maarifləndirici tədbirlər keçiriləcək, təbliğat materialları paylanılacaq. Artıq layihənin hazırlıq mərhələsi başlamışdır.
Layihə Bakı şəhərinin Nərimanov və Suraxanı rayonlarında yaşayan, fəaliyyət göstərən və ya təhsil alan yeniyetmə və gənclərin narkomaniya və QİÇS, onların dəhşətli fəsadları, insan orqanizminə, cəmiyyətə vurduğu zərərlər ilə bağlı məlumatlandırılması məqsədi ilə həyata keçiriləcəkdir. Layihədə xüsusən QÇİS və narkomaniya nədir, ondan qorunmaq , necə müalicə olunmaq olar haqqında hazırlanmış xüsusi vəsaitlər, təqdimatlar gənclərə təlimlər vasitəsi ilə çatdırılacaq, onların bu zərərli vərdişdən qorunmasının mümkün yollarından bəhs olunacaqdır.
Layihədə məyyənləşdirilmiş əsas hədəf qrupu 14-29 yaşlı gənclərdir. İştirakçılar Nərimanov və Suraxanı rayonunun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, gənclər və rayon Gənclər İdman İdarəsinin tövsiyyə etdiyi, müxtəlif yerli qurumlarda fəaliyyət göstərən gənclər arasından seçiləcəkdir. Lahihə çərçivəsində keçiriləcək tədbirlərdə 200 gənc iştirakı nəzərdə tutulur.