Qorxunc reallıq: Məmmədov hər xala 3 milyon xərcləyib

OXUNUB: 5243 İDMAN TƏHLİL
Xərclənən 100 milyonlar fonunda Azərbaycan futbolunun yerində sayması acı reallıqdı.

"Ölkədə futbolçu yoxdu”, "futbolu inkişaf etdirmək beş-altı il kimi qısa zaman kəsiyində mümkün deyil” və buna bənzər fikirlərin ictimaiyyətin beyninə yeridilməsi isə başadüşüləndi. Əlbəttə, hamının bildiyi fakt üzərindən yanaşsaq, ortada İslandiya nümunəsi var. 

AFFA-da dəri "kreslolar”da yellənənlər bütün futbol sahələrinə səpələnmiş əlaltıları vasitəsi ilə hökmranlıqlarının ömrünü uzatmaq istəsələr də, tükürpədici həqiqətləri ortaya çıxarmaq bizim peşə borcumuzdu. Əlbəttə, 2005-2015-ci illəri əhatə edən məlum inkişaf proqramının iflasa uğramasının səbəbləri  haqda danışmaq ayrıca yazı mövzusudu. 

Qısaca qeyd edək ki, qeyri-futbol mühitindən birbaşa AFFA-nın baş katibi postuna "yerləşdirilən” Elxan Məmmədov 2007-ci ilin iyulundan assosiasiyadadı. Hazırda icraçı vitse-prezident vəzifəsinə yüksəlməyə nail olan adam qurumda mühüm vəzifə tutandan 4 il sonra (2011-ci ildə) Liverpul Universiteti tərəfindən təşkil edilən Futbol Klubları və Assosiasiyaların İdarəçiliyi üzrə təlimə qatılmağı məsləhət bilib. 

Bu dəfə tarixin yaddaşına möhürlənmiş rəqəmlərin köməyi ilə vəziyyətin nə yerdə olduğuna aydınlıq gətirməyə çalışdıq.  İllik 30 milyon (rəsmi açıqlamalara əsasən) büdcə ilə fəaliyyət göstərən qurumun necə işlədiyini qazanılan nəticələrə əsasən müəyyənləşdirmək yetərincə uyğun yanaşmadı.

Elxan Məmmədov AFFA-da peyda olandan bəri əsas yığma ümumilikdə 125 oyun keçirib. 27 qələbə 37 heç-heçə 61 məğlubiyyətə imza atan təmsilçimiz qeyri-rəsmi matçlarda və çox zəif rəqiblərə qarşı oynadığı yoldaşlıq görüşlərində qismən diribaş görünüb. Dünya və Avropa çempionatlarının seçmə mərhələlərindəki və Millətlər Liqasındakı statistika isə belədi: 70 oyun, 11 qələbə, 17 heç-heçə,  42 yenilgi. 54 dəfə rəqib qapılarına yol tapan təmsilçimiz 124 qol buraxaraq  cəmi 50 xal qazanıb.

Amma digər yaş qrupları üzrə yığmaların olduğunu da unutmamalıyıq. Gah yaranan,  gah dağılan, daha çox milli mentalitetimizə uyğun olmayan iyrəncliklərlə gündəmə gələn qadınlardan ibarət komandadan danışmamaq şərti ilə, o biri yığmalarımızın son 13 ildə AÇ və DÇ-lərin  seçmə mərhələlərindəki çıxışlarına nəzər salaq:

U-21 

59 oyun, 9 qələbə, 12 heç-heçə, 38 məğlubiyyətlə yadda qalan "ümid millimiz”  cəmi 39 xal toplamağı bacarıb. Vurduğundan təxminən 3 dəfə çox qol ”yeyən” (45-126) bu yığmamızın da "bir addım irəli, iki addım geri” prinsipinə sadiq qaldığını ürək ağrısı ilə vurğulamalıyıq.

U-19 

Seçmə mərhələlərdə 48 oyun, 12 qələbə, 9 bərabərlik və 27 yenilgi alan gənclər 45 xal toplayıb.  Top fərqi isə (46-89) U-21-ə nəzərən yaxşı görünsə də, yenə üzləri güldürmür.

U-17 

Əslində bu yaş qrupunda oynayan futbolçular bir-birindən aşkar şəkildə fərqlənməməlidi. Başqa sözlə, böyük futbol ölkələrindən olan həmyaşıdları qarşısında aciz qalmamalıdı. Fəqət iş görmək əvəzinə dillərdə dastan olmuş "Berlin Akademiyası”,  "AFFA Akademiyası” və sair gülünc layihələrlə baş qatan futbol məmurlarının yarıtmaz fəaliyyətinin qoxusu yeniyetmələrin də tərinə hopub. Seçmə mərhələlərdə 45 oyun keçirən U-17 cəmi 7 qələbə qazana bilib ki, bu da özlüyündə acı təbəssümə meydan verir. 9 heç-heçə, 29 yenilgiyə malik təmsilçimiz 32 top vurduğu halda, 102 dəfə oyuna mərkəzdən başlayıb və cəmi  30 xal toplayıb.

Məmmədov dönəmində yarım milyarda yaxın maliyyə xərcləyən qurumun küləyə verdiyi pulları – 500 milyonu sadaladığımız millilərin ümumi xal hesabına bölsək (164), dəhşətli mənzərə ilə qarşılaşarıq. Təxminən 3 milyondan bir qədər çox. Bu, hər qazanılan xalın maya dəyəridi!

Ola bilsin, kimlərsə qurumun açıqladığı hesabatlara əsasən yarım milyardın şişirdilmiş rəqəm olduğunu iddia etmək eşqinə düşsün. Ona görə də, elə AFFA-nın özünün ictimaiyyətə çatdırdığı məlumatdan da faydalana bilərik. Hər il 30 milyonu havaya sovuranlar qədər "obyektiv” görünməyə çalışmırıq. Ancaq bu variantı da sadə riyaziyyatla diqqətinizə çatdıraq. Elxan bəyin "hakimiyyət illəri”ndə 390 milyon pul xərclənibsə, hər xal ölkəyə 2 milyon 300 min manata başa gəlib. 

Acizanə durumdu, deyilmi?
 
7News.Az

RƏYLƏR