Xəbər verdiyimiz kimi İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib.
Hadisəyə münasibət bildirən jurnalist, QHT sədri Səbuhi Abbasov bunu Ermənistanın növbəti təxribatı kimi qiymətləndirib: "Ermənistan hər zaman olduğu kimi bu dəfə də öz xislətini ortaya qoydu. Qəfil, həm də, gecə yarısı hücum, dinc sakinləri atəşə tutmaq bu millətin terrorçu simasının bariz nümunəsidir. Bu təxribatın köklü səbəbləri, siyasi məqsədləri var idi. Əvvəla onu qeyd edim ki, Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edirdi. Bundan başqa Prezident İlham Əliyevin son 1 ildə müxtəlif beynəlxalq tribunalardan ölkəmizin haqlı mövqeyini açıq-aşkar səsləndirməsi, birmənalı şəkildə düşməni çıxılmaz vəziyyətə salırdı. Bütün dünya artıq həm Ermənistandakı, həm də, işğal olunmuş Dağlıq Qarabağla bağlı həqiqətləri bilir və qəbul edir. Məhz buna görə erməni ordusu Tovuz rayonunu, sərhəd bölgəsini hədəf kimi seçdi. Məqsəd isə diqqəti özünə çəkmək, hamilərinin qarşısında yazıq duruma düşməkdən ibarət idi. İkinci bir məsələ isə Ermənistan siyasi hakimiyyətinin öz xalqına qarşı etdiyi riyakarlıqla bağlıdır. Artıq Azərbaycan tərəfi həm şəhid, həm də yaralı olanlarla bağlı dəqiq məlumatlar versələr də, düşmən bunu sirr saxlayır, onlarla ölüləri olduğu halda rəsmi rəqəmləri gizlədirlər. Bu da onu göstərir ki, ermənilərin "çıxış yolu” kimi qəbul etdikləri Paşinyan höküməti iflasa uğrayıb və fiasko qaçılmazdır”