Tərtər Rayon İcra Hakimiyyətinin baş memarı həbs edildi (YENİLƏNİB)

OXUNUB: 596 HADİSƏ İQTİSADİYYAT
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərilə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyən Tofiq Kərimov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Tofiq Kərimovun Tərtər şəhərində yerləşən torpaq sahəsində 2 mərtəbəli yaşayış evinin tikilməsinə icazə verilməsi üçün vətəndaşdan tələb etdiyi 33 min manat məbləğində pul vəsaitinin 25 min manatını almasına əsaslı şübhələr müəyyən edilib.

Həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı başlanmış cinayət işi üzrə Tofiq Kərimov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxsin digər qanunazidd əməllərinin, habelə iş üzrə digər təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

17.45
 
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad və Tərtər rayonunda keçirilən əməliyyatlar zamanı saxlanılan vəzifəli şəxslər məhkəməyə çıxarılır.

 Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimov, baş memarı Sahil Qənbərli, Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyev və Tərtər Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Tofiq Kərimov təqsirləndirilən şəxs qismində tanınıblar.

Onlar barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərilib.

RƏYLƏR