Türk Ağsaqqalları İctimai Birliyindən BƏYANAT - İddianı rədd edirik

OXUNUB: 811 GÜNDƏM SOSİAL
Dünən 28.11.2024-cü il tarixində bəzi onlayn media subyektlərində Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi –TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, tibb elmləri doktoru, akademik Sudeyif İmamverdiyevə qarşı məhkəmə iddiasının qaldırılması barədə məlumat yayımlanıb. Məlumatlarda qeyd olunur ki, guya S.İmamverdiyev adı göstərilməyən şəxsə qarşı böhtana yol verib. Məsələ ilə bağlı TAİB bəyanatla çıxış edib. 



Bəyənatı olduğu kimi təqdim edirik: 



"TAİB bu iddianı tamamilə rədd edir və bəyan edir ki, nə S.İmamverdiyevə, nə də Türk Ağsaqqalları İctimai Birliyinə məhkəmə iddiası barədə hər hansı rəsmi bildiriş daxil olmayıb. Ortada yalnız ayrı-ayrı saytların mənbə göstərilmədən yaydığı qeyri-rəsmi məlumatlar var. 



Biz öz əlaqələrimizdən istifadə edərək dəqiqləşdirdik ki, söhbət Türk Ağsaqqalları İctimai Birliyinin Nizamnamə tələblərini dəfələrlə pozduğuna görə, təşkilat sıralarından xaric edilmiş pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Sabir Tağıyevin iddiasından gedir. Biz təşkilatımızın ictimai nüfuzunu nəzərə alaraq daxili məsələlərimizin mətbuatda müzakirə olunmasını istəmədiyimizdən Sabir Tağıyevin təşkilat sıralarından xaric edilməsi və bunun hansı səbəblərdən baş verdiyini açıqlamadıq. Bu gün də təəssüf edirik ki, bu kimi heç bir ictimai əhəmiyyəti olmayan, hər bir təşkilatın daxili həyatında ola biləcək sıradan bir məsələ mətbuatda müzakirə olunur. 



Bəyan edirik ki, TAİB QHT-lərin inkişafı üçün Dövlətin yaratdığı imkanlardan istifadə edərək formalaşmış və strukturlaşmış İctimai Birlikdir və fəaliyyəti də bilavasitə Nizamnamə tələblərinə uyğun şəkildə həyata keçirilir. Qəbul olunan qərarlar da birmənalı şəkildə kollegialdır. Sabir Tağıyev təşkilatın sıralarından sədrimiz Sudeyif İmamverdiyev tərəfindən deyil, İdarə Heyətinin 17.05.2024-cü il tarixli iclasında yekdilliklə qəbul edilmiş qərar əsasında xaric edilib. Həmin iclasda İdarə Heyətinin üzvləri öz mövqelərini açıq şəkildə ifadə edib, nizam-intizam komissiyasının rəyi dinlənilib və hamı Sabir Tağıyevin təşkilat sıralarından xaric edilməsinə səs verib. İclasın protokolu S.Tağıyevin özünə də təqdim olunub. Odur ki, onun TAİB sədri Sudeyif İmamverdiyevə qarşı məhkəmə iddiası qaldırması tamamilə əsassızdır. Çünki qərarı Sudeyif İmamverdiyev deyil, İdarə Heyəti qəbul edib. İclasda səsləndirilən fikirlər sədrimizə yox, İdarə Heyətinin üzvlərinə aiddir. Həmin fikirlər də yalnız Sabir Tağıyevin Nizamnamə tələblərinə zidd davranışlarını əks etdirir. Onun böhtan barədə iddialarını qətiyyətlə rədd edirik. İH üzvləri konkret faktlar və pozulmuş maddələrdən bəhs ediblər. İclasda iştirak etmiş İH üzvləri məhkəmədə də fikirlərini təsdiq etməyə hazırdırlar”.

RƏYLƏR