Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video

OXUNUB: 916 GÜNDƏM Özəl SOSİAL
Fevralın 25-də Xocalı soyqırımı şəhidlərinin 32-ci ildönümü Polşada da qeyd edilib. Polşa Azərbaycanlıları Şurası tərəfindən Xocalı soyqırımı ilə bağlı Polşanın paytaxtı Varşava şəhərindəki "Łukasza Ewangelisty” adlı katolik kilsəsində tədbir təşkil edilib.

Xocalı faciəsinin qurbanları kilsədə katoliklərin "messa” saatı adlanan kütləvi ibatədi zamanı yad olunub. İbadət bitdikdən sonra kilsə keşişi Ksiądz Jan Popiel bir saata yaxın müddətdə məhz Xocalı hadisələri və soyqırım şəhidləri haqqında kilsəyə toplaşmış 250-dən çox yerli əhali qarşısında çıxış edib.

O, Xocalı soyqırımının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi ən böyük cinayətlərdən biri olduğunu deyib: "Son illər beynəlxalq ictimaiyyət bu cür faciələri təkrarlanmaması üçün münaqişə zamanı törədilmiş beynəlxalq humanitar və insan hüquqlarının ciddi şəkildə pozulması ilə bağlı həqiqətin üzə çıxarılması istiqamətində mühüm irəliləyişlər əldə etmişdir. 16 ölkə və ABŞ-ın 22 ştatı Xocalı qətliamını pisləyib. Azərbaycanlılar və onların dünyadakı dostları bu faciəli gündə insan həyatının dəyərini ucaltmaq və silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinin vacibliyini vurğulamaq üçün toplaşırlar. 1992-ci il fevralın 26-nın o qaranlıq və şaxtalı qış gecəsində həlak olanların xatirəsini ehtiramla yad edək”.

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Polşa təmsilçisi, Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli tədbirdə çıxış edərək yaradılan bu şəraitə görə kilsə rəhbərliyinə təşəkkür edib: "Hörmətli kilsə keşişi, Sizə Polşadakı bütün Azərbaycan icması adından dərin təşəkkürümü bildirmək istəyirəm. Dəstəyinizə, həlak olan qurbanlar üçün dualara və Azərbaycanın Xocalı şəhərində baş vermiş faciəli hadisələrin ildönümündə ibadət mərasimini keçirdiyinizə görə təşəkkür edirik. İnsan həyatının dəyərinin etnik və dini bölgüsü yoxdur. Xocalı acısı və digər hərbi cinayətlər qəlbimizdə əbədi qalacaq”.
 
 


RƏYLƏR