Xüsusi rejim başa çatanadək avtobuslar pulsuz olacaq

OXUNUB: 658 SOSİAL

Dünən axşam saat 19 radələrində ölkədə yenidən elektrik enerjisinin kəsilməsi səbəbindən nəqliyyatın fəaliyyətində xüsusi rejim tətbiq edilib. Eleketrik enerjisinin davamlı təminatı olmadığına görə dünəndən bu gün saat 13:10-a qədər "Bakı Metropoliteni” fəaliyyətini dayandırıb. Bu müddətdə Bakı Nəqliyyat Agentliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti xəttə əlavə avtobuslar buraxıb. Təlimata görə avtobuslar sərnişinlərə pulsuz xidmət göstərməli idi. Artıq günorta saatlarından Metropoliten fəaliyyətini bərpa edib. Bəs ictimai nəqliyyat nə vaxta qədər ödənişsiz fəaliyyət göstərəcək?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova Publika.az-a açıqlamasında bildirib ki, xəttə əlavə edilən bütün avtobuslar bu gün ərzində pulsuz fəaliyyət göstərəcək:

"Bu gün axşam saatlarından Dövlət Avtomobil Nəqliyyatı Xidməti "Koroğlu” metrostansiyasından Bakı kəndlərinə, Avtovağzala və əks istiqamətdə sıxlığı aradan qaldırmaq üçün xəttə 10 əlavə iritutumlu avtobus cəlb edəcək. Bundan başqa, 60 avtobus "Koroğlu”, "20 Yanvar”, "Neftçilər” metrostansiyaları və sıxlıq müşahidə olunan ərazilərdə fəaliyyət göstərəcək. Bütün avtobuslar bu gün ərzində tam ödənişsiz fəaliyyət göstərəcək. Bu qərar xüsusi rejim başa çatanadək qüvvədə olacaq. Bu gün günorta saatlarından "Bakı Metropoliteni” fəaliyyətini bərpa etsə də, xüsusi rejim ləğv edilməyib. Ola bilər ki,sabahdan ləğv edilsin. Lakin sabah sıxlıq müşahidə edilsə, əlavə avtobuslar yenidən xəttə buraxılacaq. Bundan başqa, sıxlığı azaltmaq üçün avtobuslar gecə saat 3-ə qədər fəaliyyətdə olacaq”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Publika.az-a hazırda xüsusi rejimin davam etdiyini bildirib:

"Hazırda xətlərə əlavə edilən nəqliyyat vasitələri gözləmə rejimindədir. Günün pik saatı olmadığından yollarda sıxlıq müşahidə edilmir. Axşam saatlarında sıxlıq müşahidə edilərsə, həmin avtobuslar təkrar xəttə buraxılacaq. Avtobusların nə vaxta qədər ödənişsiz xidmət göstərəcəyi bəlli deyil”.

İcmal.Az

RƏYLƏR