Yeniliklər hədəflərə çatmağa geniş imkan yaradacaq - Günel Səfərova

OXUNUB: 391 GÜNDƏM SOSİAL
Azərbaycanda son illərdə önəmli bir proses başlayıb. Bu prosesin əsasını, ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, ölkə konstitusiyasının tələblərinə tam riayət etməklə Qarabağın yenidən qurulması və həmvətənlərimizin təhlükəsiz bir şəkildə öz doğma yurd yerlərinə qayıdışı təşkil edir.

Dünya hərb tarixinə 44 günlük Vətən müharibəsiylə örnək olan olan Azərbaycan dünyaya öz nümunəvi modelini də təqdim edir. Azərbaycan inkişaf yolunu seçib - ölkədə beynəlxalq təcrübələrə əsaslanan fərqli layihələr icra olunur. Bu çətin prosesdə təhsilə önəm vermək, şübhəsiz ki, çox əhəmiyyətli prosesdir. Təhsilin prioritet seçilməsi isə təkcə milli yox, həm də bəşəri məsələdir.

Son zamanlar müəllimlərin işə qəbulu imtahanları, sertifikatlaşma prosesi, yeni agentliklər vasitəsilə idarəçiliyin müasir tələblərə cavab verməsi üçün atılan addımlar təqdir edilir.

Bu baxımdan Prezident İlham Əliyevin iyulun 24-də imzaladığı elm və təhsil üzrə qanun, əsasnamə, sərəncam və fərmanlar sözügedən istiqamətlərdə islahatların dərinləşdirilməsinə, çevik, səmərəli və effektiv və daha əlçatan idarəetmə mexanizmlərinin yaradılmasına və tətbiqinə ciddi təkan verəcək. Ümumiyyətlə təhsil sahəsində həyata keçirilən yeni layihələr və son zamanlar elmin inkişafı ilə bağlı planlar hər birimizdə gözləntilərimizin reallaşacağı əminliyi yaradır.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsinin təsdiqlənməsi, sənəddə yer alan istiqamətlər üzrə innovativ, çevik, nəticəyönlü və səmərəli idarəetmə modelinin yaradılması nəzərdə tutulan islahatların intesivləşməsinə zəmin yaradacaq.

Hazırda Azərbaycan elminin və təhsilinin qarşısında, Prezidentin, hələ ötən il iyulun 28-də imzaladığı "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmandan irəli gələn və özündə qarşılıqlı inteqrasiya prosesini də ehtiva edən bir sıra mühüm vəzifələr durur. Dövlət başçısının imzaladığı sənədlərin bu vəzifələrin həyata keçirilməsi üçün əsaslı hüquqi-normatativ baza yaratmaqla yanaşı, elm və təhsil sahəsində həyata keçirilən islahatların intensivləşməsinə töhfə verəcəyi şübhə doğurmur. Bu xüsusda "Təhsil haqqında” Qanunda edilən dəyişikliklərin də mühüm əhəmiyyət daşıdığı qənaətindəyəm.

Heç şübhəsiz ən əhəmiyyətli və önəmli layihələrdən biri müəllimlərin sertifikatlaşdırılmasıdır. Bu proses başladığı andan etibarən şəffaflığa xüsusi önəm verilib. Hətta sertifikasiyaya start verildiyi tarixdən, yəni ötən il prosesi tam anlamadan müəyyən narahatlığı olan insanlar belə sonradan bu mexanizmi dəstəklədilər. "Təhsil haqqında" Qanunda öz əksini tapan dəyişikliklər sertifikatlaşdırma prosesinin daha da təkmilləşdirilməsini də nəzərdə tutur. Artıq yaşı 60 və daha yuxarı olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. Yəni, əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o heç bir halda məcburi sertifikatlaşdırmaya cəlb edilə bilməz. Bu müəllimlər yalnız öz istəyinə uyğun olaraq özünüqiymətləndirmə və əmək haqqı artımından yararlanmaq üçün prosesə qatıla bilərlər. Uzun illər pedaqoji təcrübəsi olan müəllimlərə belə bir hüququn verilməsi alqışlanmalıdır.

Qeyd edim ki, qanuna edilən dəyişkliklərə görə, məktəbəqədər təhsil müəssisələrində işləyənlər ilk dəfə olaraq sertifikatlaşdırmadan keçəcəklər. Bu dəyişik təhsilin bütün pillələrində təhsilverənlərlə bağlı vahid strategiyanın tətbiqinə imkan yaradacaq, rəqabət mühitini gücləndirəcək, sözügedən sahədə müəssisələrində çalışan şəxslərin maddi stimullaşdırılması və peşəkar inkişafına stimul yaradacaq.

Mühüm yeniliklərdən biri isə, müəllim kimi fəaliyyətə başlayanların 3 il sonra sertifikatlaşdırmadan keçmək imkanıdır.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ali və orta ixtisas təhsili müəssisələrində yeni təhsil proqramlarının (ixtisasların) açılmasına nəzarət etmək səlahiyyətinə malik olması da yeniliklərdən biridir və bu yenilik aparılan təhsil siyasəti ilə yanaşı, təhsilalanların da həyatında öz müsbət təsirini göstərəcək.

Ümumilikdə, tətbiq olunacaq yeniliklər elm və təhsil sahəsində strateji hədəflərə çatmağa geniş imkan yaradacaq.

Günel Səfərova,
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri

RƏYLƏR