Səbuhi Abbasov: “Məhkəmənin ÜAK-la bağlı ədalətli qərar çıxaracağına inanırıq” MÜNASİBƏT

OXUNUB: 1427 Özəl SİYASƏT

Mayın 15-də Rusiya Federasiyası Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

Məsələyə münasibət bildirən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov SİA-ya açıqlamasında deyib ki, bu proses Rusiyada yaşayan Azərbaycanlı icmasının, digər xarici ölkələrdə məskunlaşmış soydaşlarımızın, eləcə də bütün Azərbaycan ictimaiyyətinin dərin narahatlığına səbəb olub: "Təəssüf hissi ilə bildiririk ki, son dövrlərdə daxil olmuş məlumatlar Rusiya Federasiyasında müəyyən anti-Azərbaycan qrupların ÜAK-ın fəaliyyətinin dayandırılması istiqamətində xüsusi fəallıq göstərdiyini, may ayının 15-nə təyin olunmuş məhkəmə prosesinə təşkilatın bağlanması üçün təzyiq etmək cəhdlərinin intensivləşdiyini söyləməyə əsas verir.

Biz Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq 10 ildən artıqdır ki, Rusiya mədəniyyətini, dilini ölkəmizdə təbliğ edirik. Əsas fəaliyyətimizi ölkələrimiz və ölkələrimizin rəhbərləri arasında olan strateji əlaqələr üzərində qurmuşuq. Bu mənada biz anti-Azərbaycan qüvvələrin Azərbaycan-Rusiya münasibətlərini zədələməyə yönəlmiş məqsədyönlü fəaliyyətindən ciddi şəkildə narahatıq, məhkəmənin ədalətli qərar verəcəyinə inanırıq. ÜAK Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci ildə yaradılıb, fəaliyyət göstərdiyi müddət ərzində soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi, xalqlarımızı bir-birinə bağlayan mədəni dəyərlərin, tarixi ənənələrin təbliğinə xidmət edən bir sıra uğurlu layihələr həyata keçirib. Bu gün beynəlxalq münasibətlər sistemində mühüm yerə malik Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xüsusi rol oynayan yüzlərlə azərbaycanlının adını çəkmək olar.

Rusiyada yaşayan azərbaycanlılar bu ölkəni özünün ikinci vətəni kimi qəbul edir, onun tərəqqisi və rifahı naminə səy və bacarığını əsirgəmirlər. Bütün bunlara baxmayaraq, bəzi qüvvələrin ÜAK-ın fəaliyyətinin dayandırılmasına yönəlmiş israrlı cəhdləri onların Rusiyanın ümumi mənafelərinə xidmət etdiyinə şübhə yaradır, eyni zamanda erməni diasporu ilə əlaqələrinə dair məlumatların həqiqətə uyğun olma ehtimalını artırır, habelə azərbaycanlı icmasının Rusiyanın milli siyasətinə inamının sarsılmasına səbəb ola bilər. Ümid edirik ki, məhkəmə bu narahatlığı nəzərə alaraq, milyonlarla azərbaycanlını təmsil edən ÜAK-ın fəaliyyəti ilə bağlı tam ədalətli, obyektiv və heç bir siyasi motivə əsaslanmayan qərar qəbul edəcək”.

İcmai.Az

RƏYLƏR