“Brüssel görüşü İlham Əliyevin növbəti siyasi-diplomatik uğurudur”- Elşən Musayev

OXUNUB: 327 Özəl GÜNDƏM SİYASƏT
Milli Məclisin deputatı Elşən Musayev 7News.Az-a bildirib ki, Brüsseldə keçirilən növbəti üçtərəfli görüş öz müsbət nəticələri ilə yadda qaldı.

"Həmin görüşdə Azərbaycan tərəfinin maraqları yenə də ciddi şəkildə nəzərə alındı və irəliyə doğru addımlar atıldı. Görüşün 5 saat davam etməsinin özü də fikir mübadiləsinin və müzakirələrin genişmiqyaslı olmasından xəbər verir. İlk növbədə, onu qeyd etmək lazımdır ki, danışıqlar boyunca bir dəfə də olsun "Dağlıq Qarabağ” ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib. İkinci önəmli məqam status məsələsinin ümumiyyətlə olmamasıdır. Nəhayət, digər mövzu kimi Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan özü həmişə deyib və onların təhlükəsizliyinə təminat verəcəyini bildirib.

Bu görüşdə sülh müqaviləsi ilə də bağlı ciddi müzakirələr gedib. Eyni zamanda, kommunikasiya xətlərinin açılması istiqamətində işlərin davam etdirilməsi, Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər bu kimi məsələlərlə də bağlı geniş fikir mübadiləsi aparılıb.

Önəmli nəticələrdən biri də Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi ilə bağlı razılığın əldə olunmasıdır. Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq.

Görüşlərin növbəti aylarda davam etdirilməsi ilə bağlı razılıq da yaxın gələcəkdə ən yaxşı nəticələrin əldə olunacağına işarədir.

Xüsusilə, qeyd etmək lazımdır ki, möhtərəm cənab Prezident İlham Əliyevin yürütdüyü müdrik və məqsədyönlü siyasət növbəti Brüssel görüşündə də Azərbaycana ciddi uğurlar qazandırdı”. - deyə deputat əlavə edib.

RƏYLƏR