Bu gün ləğv olunan bankların arxasında hansı məmurlar dayanıb? – Maraqlı DOSYE

OXUNUB: 998 İQTİSADİYYAT TƏHLİL
Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Bankın İdarə heyətinin qərarı ilə  Azərbaycanda fəaliyyət göstərən daha 2 bankın - "AGBank” ASC və "NBCBank” ASC -nin lisenziyaları ləğv edilib.
Adları qeyd olunan banklara bir müddət əvvəl müvəqqəti inzibatçı təyin olunub.
Məlumat üçün bildirək ki, AGBank”  Azəriqazbank Açıq Səhmdar Cəmiyyəti  kimi 1992-ci ildə təsis olunub. "AGBank” Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi proqramı üzrə Beynəlxalq Maliyyə Korporasiyasının yeganə bank-agentidir.
Mərkəzi Bankın İdarə heyətinin 27 aprel 2020-ci il tarixli qərarı ilə "AGBank”a müvəqqəti inzibatçılar təyin olunub. Bankın idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn, bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. Son keçirilən yoxlamalara əsasən "AGBank"ın kapitalı mənfi 145 milyon manat təşkil edib və bankın likvidliklər bağlı ciddi problemləri olduğu müəyyən edilib. Bankda problemli kreditlərin xüsusi çəkisi 54% təşkil edib. Nəticədə Mərkəzi Bank bu gün bankın lisenziyasını ləğv edib.
Qeyd edək ki, "AGBank” ASC-nin əsas səhmdarı Çingiz Əsədullayev hesab olunur. Milli Məclisin sabiq deputatı olan Çingiz Əsədullayev bankda 33,57% paya sahibdir. Çingiz Əsədullayevdən başqa bankın səhmdarları bunlar olub:
Beynəlxalq Maliyyə Korporasiyası - 4,28%
Kazimir Partners şirkəti - 2,45%
Yusufov Fərzulla (ailə üzvləri daxil olmaqla) - 5,79%
Marçenko Qriqoriy  - 8,30%
Səhmdarların ümumi sayı 83, minaritariyaların sayı 82 onların ümumi payları - 66,43%
Qeyd edək ki, mətbuatda Çingiz Əsədullayevin adı sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudovla birgə çəkilir. Bildirilir ki, sabiq nazirlə sabiq deputatın biznes əlaqələri olub. Bu şəxslər arasındaki əlaqələr "Rabitə işi” üzrə cinayət işinin materiallarında da əks olunub. Baş Prokurorluq tərəfindən istintaqa təqdim edilən rəsmi məktubda göstərilir ki, Eldar Mahmudovun oğlu Anar Mahmudov və ortağı Ayaz Kərimovun pulları  Çingiz Əsədullayevin bankında, onun qaynı Mişa tərəfindən saxlanılıb. Mişanın isə bankın Müşahidə şurasının üzvü Françev Mixail Yuryeviç olması müəyyən edilib. Ayaz Kərimovla Anar Mahmudovun "SMS” yazışmalarında Çingiz Əsədullayevin və "Mişa”nın adları keçir.
 
Nuru Əliyev kimdir?
Lisenziyası ləğv olunan banklardan biri də "NBC bank”dır.  Bu bank 17 dekabr 1992-ci ildə "Ruzu” SKB Səhmdar Kommersiya Bankı kimi qeydiyyatdan keçib. 17 yanvar 2002-ci il tarixindən adında dəyişiklik edilərək "NBCBank” KB kimi bank sektorunda fəaliyyəti davam etdirib. "NBCBank”ASC-nin təsisçi şirkəti "Nurgün Qrup” MMM-dir. "Nurgun Group” şirkətinin sahibi Nuru Əliyevdir.  Bank səhimlərinin əksəriyyəti də "Nurgün Qrup”a aiddir.
Digər səhmdarlar isə bunlar olub:
6,42% - Aynur Kamalova
6,42% - Aysel Usubova
6,16% - Nüşabə Səfiyeva
6,02% - Nurgun Group
4,30% - Surxay Əhmədov
2,72% - Caspian Insurance CO. Şirkəti 
1,02% - Elnur Səfiyev
1,02% - Nicat Səfiyev
Qeyd edək ki, böyük biznes "imperiyasına” sahib olan Nuru Əliyev həm də başqa bir tanınmış iş adamı, Ziya Məmmədovla yaxınlığı heç kimə sirr olmayan "Hafka” ləqəbli Hafiz Məmmədovla quda olub.  "Bello” Yuyucu Vasitələr Fabriki, Salyan süd zavodu, "Nurgün Trading”, "Kaspian Transport”, "Kontinental” mağazalar şəbəkəsi,  "Ailə” supermarketlər şəbəkəsi, "Nicos” kosmetika məhsulları, "Active” qabyuyan mayeləri, "BIOSENSE” şampunları, "Rocchetta”, "Vittel” və "Erikli” suları, "Havoline” və "Ardeca” yağları kimi biznesə sahib olan Nuru Əliyev eyni zamnada "Rəvan” futbol klubunun da sahibi olub.
Bundan başqa "Nissan”, "Ford”, "Renault”, "İnfiniti” markalı avtomobillərin satışı ilə məşğul olan "Nurgun Motors” şirkəti də Nuru Əliyeva məxsusdur./Yeniavaz.com

RƏYLƏR