66 yaşlı təqaüdçü kişi həmkəndlilərini öldürdükdən sonra onları doğrayıb, ətlərini isə qonşunun soyuducusunda saxlayıb. Dəhşətli hadisə Rusiyanın Novosibirsk vilayətində qeydə alınıb.
"112” "Telegram” kanalının verdiyi xəbərə görə, aprelin 17-də kənddə 36 yaşlı Pyotr Lısyanov itkin düşüb.
Polislərlə birlikdə onun axtarışına xanımı da yollanıb. Kənddəki sakinlərdən bir-bir həyat yoldaşını soruşan qadın həmkəndlisi Viktor Zaxarovun həyətinə daxil olub və orada ərinə məxsus velosipedi görüb. Təqaüdçü kişi velosipedin nəyə görə onun həyətində olduğunu deməyə çətinlik çəkib. Nəticədə, qadın polisə müraciət edib.
Hüquq mühafizəçiləri V.Zaxarovun evinə gələrək, həyətdə axtarış aparıblar. Onlar ayaqyolunda və bostanda itkin düşən kişinin və başqa iki nəfərin cəsədinin qalıqlarını tapıblar.
Torpaq donmuş vəziyyətdə olduğundan kişi onları basdıra bilməyib, sadəcə, qalıqların üstünü qarla örtüb.
Araşdırma zamanı məlum olub ki, V.Zaxarov cəsədləri doğrayaraq, əti qonşunun soyuducusunda saxlayırmış. Lazım olanda isə gedib götürür və ehtimal ki, yeyirmiş.
Kişinin insan ətinə qonşusunu qonaq edib-etmədiyi isə hələlik məlum deyil.
Təqsirləndirilən şəxs artıq hər şeyi etiraf edib. 66 yaşlı Viktor Zaxarov üç nəfərin öldürülməsi və hannibalizmdə şübhəli bilinərək saxlanılıb.
İstintaq davam edir. Hüquq mühafizəçiləri qurbanların sayının daha çox ola biləcəyini düşünürlər.