NATO-nun Baş Qərargah rəisi Azərbaycan Ordusunun əks-hücum əməliyyatını örnək göstərir

OXUNUB: 519 Özəl GÜNDƏM SİYASƏT

"Sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq əks-həmlə əməliyyatına, Vətən Müharibəsinə başladı. Düşmən 30 il ərzində mürəkkəb relyefə malik həmin ərazilərdə istehkamlar yaradaraq güclü müdafiə xətti qurduğuna, Azərbaycan Ordusunun böyük itkilər verəcəyinə, ilk gündən uğursuzluqla üzləşəcəyinə əmin idi”.

Bunu APA-ya açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, döyüş bölgəsindən hazırlanan videosüjetlərdə həmin müdafiə xətləri görünür: "Azərbaycan Ordusu isə daim kəşfiyyat aparıb, düşmənin zəif yerlərini müəyyənləşdirmişdi. Keçirilən təlimlər və döyüş hazırlıqlarında məhz həmin ərazilər və düşmənin istehkamları nəzərə alınıb. İrimiqyaslı təlimlər döyüş başlayacağı halda müəyyən ssenarilər nəzərə alınaraq təşkil edilib. Digər tərəfdən, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin silahlandırılması da bu amillər, o cümlədən mürəkkəb relyef, dağlıq, meşəlik ərazilər nəzərə alınmaqla təmin edilib. Bunlar ən müasir, dördüncü, beşinci nəsil silahlardır. Başda sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyev olmaqla, Azərbaycan Ordusu gec-tez torpaqlarımızı güc yolu ilə azad etməli olacağını bilirdi. Çünki bir çox amillər, Ermənistanın davamlı olaraq danışıqlar prosesini pozması, münaqişənin sülh yolu ilə həllinə konstruktiv mövqedən yanaşmaması bunu göstərirdi. Biz bu kompleks hazırlıqların nəticəsini, Ordumuzun yüksək döyüş ruhunu, vətənpərvərliyini döyüş əməliyyatları başlayan zaman gördük. O döyüşlərə atılan əsgərlərimiz heç zaman Qarabağın işğalı ilə barışmadığı vətənpərvər bir mühitdə böyüyüblər”.

 

Ş. Ramaldanovun sözlərinə görə, ilk günlər itkilər olsa da, Azərbaycan Ordusu əks-həmlə əməliyyatını dayandırmadı:

"Döyüşçülərimiz qısa müddətdə Ermənistanın keçilməz saydığı müdafiə xətlərini yardı, düşməni torpaqlarımızdan qovmağa başladı. Daha sonra düşmən üçün ən gözlənilməz və strateji istiqamət – Şuşa istiqaməti seçildi. Alınmaz qala sayılan Şuşa qalası düşməndən azad edildi. Bu, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının göstəricisidir. Əgər cənub istiqamətində Şuşaya qədər olan döyüşlər daha çox Ordumuzun müasir texnika və silahlarla silahlanması, o silahları idarə edən heyətin peşəkarlığından xəbər verirdisə, Şuşa əməliyyatı Azərbaycan Ordusunun bütün cəhətlərdən yüksək döyüş hazırlığına malik olduğunu, peşəkarlığını, döyüş ruhunun yüksəkliyini göstərdi. Sıldırım qayalardan çıxılaraq düşmənlə yaxın, əlbəyaxa döyüşdə misilsiz qəhrəmanlıq nümunələri göstərilərək Şuşa işğaldan azad edildi. Bu döyüşdə taktiki cəhətdən düzgün istiqamətlər seçildi, lazımi tədbirlər görüldü, bütün hesablamalar zərgər dəqiqliyi ilə aparıldı və böyük uğur əldə olundu. Faktiki düşmənin ürəyinə üzərində Azərbaycan bayrağı olan xəncər sancıldı. Ertəsi gün isə düşmən 70 yaşayış məntəqəsini qoyaraq qaçdı və bu düşmənin kapitulyasiyaya bərabər bir bəyanata qol çəkməsinə, ağ bayraq qaldırmasına səbəb oldu”.

Polkovnik bu Vətən Müharibəsinin itkilərin az olması ilə də yadda qaldığını qeyd edib: "NATO-nun Baş Qərargah rəisi Alyans üçün Azərbaycan Ordusunun həyata keçirdiyi bu əks-hücum əməliyyatlarının örnək əməliyyatlar kimi gələcəkdə öyrənilməsinin vacib olduğunu bildirib. O da nəzərə alınmalıdır ki, çoxsaylı müdafiə-istehkam qurğuları, mürəkkəb dağlıq-meşəlik relyef şəraitində Şuşanın işğaldan azad edilməsi nəticəsində düşmən kapitulyasiyaya imza atdı. Minimum itkilərlə bu əməliyyatların həyata keçirilməsi böyük uğurdur.

Hərb elmi çoxsaylı hesablamalar elmidir, döyüşdəki bütün mərhələlər hesablanır, planlaşdırılır. Bütün hesablamalara, xarici hərbi ekspertlərin qiymətləndirmələrinə əsasən, Azərbaycan Ordusu bütün torpaqları işğaldan azad etmək üçün 20 minə qədər itki verə bilərdi.  Qarşıdan gələn qış şəraitini də nəzərə alsaq, bu itkilər daha çox proqnozlaşdırıla bilərdi. Ancaq digər amillərlə bərabər, məhz Prezident İlham Əliyevin müdrikliyi sayəsində Azərbaycan Ordusunun şəxsi heyətində itkilərin minimum ola biləcəyi şəkildə döyüşlərin aparılması təmin edildi. Prezident İlham Əliyev ona məruzə olunduğunu və döyüş tapşırıqlarını təsdiqlədiyini bildirmişdi. Qərarları verməklə, istiqamətləri müəyyənləşdirməklə Prezident İlham Əliyev Ali Baş Komandan, sərkərdə kimi Ordunun şəxsi heyəti arasında itkilərin minimum olmasını təmin edib.

Əlbəttə, döyüşlər itkisiz olmur. Biz hansı düşmənlə mübarizə apardığımızı da bilirdik. Texnika və silahların sayı da onu göstərir ki, düşmən zəif düşmən deyildi. Düzdür, 30-40 il əvvəl istehsal olunmuş silahlar olsa da, ancaq tankların və digər texnika və qurğuların sayı göstərir ki, düşmən yetəri qədər müqavimət göstərmək iqtidarında idi. Ancaq Prezident İlham Əliyevin sərkərdəlik məharəti və Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, müasir silahlarla silahlanması, müasir silah və texnikaların yüksək peşəkarlıqla idarə edilməsi sayəsində XXI əsrin tələblərinə cavab verən döyüş əməliyyatları aparıldı.

Bununla da Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu köhnə taktiki döyüşlərin stereotipini pozdu və düşmənə maksimum zərbə endirərək, zəiflədərək və strateji istiqamətlər seçərək öz şəxsi heyəti arasında itkilərin minimum olmasını təmin etdi. Azərbaycan Ordusu nəyin bahasına olursa hansısa təpəni, yaşayış məntəqəsini ələ keçirmək prinsipi ilə döyüş aparmırdı. Rəhbərlik şəxsi heyət arasında itkilərin minimum olmasını təmin edəcək, ancaq tapşırığı yerinə yetirə biləcək şəkildə döyüş aparırdı. Məsələn, yaşayış məntəqələrinin yanından ötülür, yaşayış məntəqələrini nəzarətdə saxlamağı təmin edəcək əraziləri ələ keçirərək düşmən həmin məntəqələri tərk etməyə məcbur edilirdi”.

Ş. Ramaldanov Azərbaycan Ordusunun döyüşlərdə düşmənin çoxsaylı itkilərə məruz qoyduğunu, çoxsaylı texnikasını, döyüş infrastrukturunu, sursatını məhv etdiyini vurğulayıb: "Düşmən hazırda itkilərin real sayını gizlətsə də, düşmənin döyüş meydanında səpələnən cəsədlərini görmüşük. Onların özlərinin saxladığı donuzlar elə onların meyitlərini yeyərək parçalayırdılar. Bu, ağır səhnə olsa da, reallıqdır”.

Polkovnik düşmənin dağıdıcı silahlardan, artilleriyadan, raket-yaylım sistemlərindən istifadə etdiyini xatırladıb: "Təəssüf ki, müharibədə müəyyən itkilərin olması qaçılmazdır. Bu dağıdıcı silahlar nəticəsində yararsız hala düşən meyitlərin kimə məxsus olduğu DNT analizləri, yaxud barmaq izləri vasitəsi ilə müəyyənləşir. Ailələr yaşadıqları ünvanlarda polisə, yaxud məhkəməyə müraciət edərək DNT nümunələri verir, bununla tanınmaz halda olan meyitlərin, fraqmentlərin DNT-si ilə tutuşdurularaq meyitlərin tanınması prosesi davam edir. Bu proses dövlət tərəfindən aparılır. Bu gün artıq bəzi tanınmaz halda olan meyitlərin DNT analizləri nəticəsində şəxsiyyəti müəyyən edilib, yaxınlarına təqdim edilib. Əlbəttə, müharibə ağırdır, ancaq qələbə, zəfərlə yekunlaşan müharibə minimum da olsa, itkilərsiz olmur. Bu gün əsgər analarımız səbr, təmkin nümayiş etdirir, deyirlər ki, təki Vətən sağ olsun! O oğulları böyüdən analar bu gün qürur hissi keçirirlər ki, övladları məhz qələbə qazanan Ordunun sıralarında döyüşlərdə iştirak edərək Vətən uğrunda şəhid olublar. Xalqımızı və dövlətimizin şəhidlərə sayğısı, şəhid ailələrinə diqqəti onların ağrı-acılarını müəyyən qədər azaldır. Bütün şəhid ailələri qürur hissi ilə bu ağır itkiyə sinə gərə bilirlər. Bir daha qeyd etmək istəyirəm ki, döyüşlər itkisiz olmur. Ancaq Ali Baş Komandanın rəhbərlik etdiyi Vətən Müharibəsi zəfərlə yekunlaşdı, düşmən diz çökdü və Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Prezidentimizin də dediyi kimi, yaşasın Azərbaycanın müzəffər Ordusu! Qarabağ Azərbaycandır!”

RƏYLƏR