Virusdan sonra Azərbaycanın iqtisadi strategiyası necə olmalıdır?

OXUNUB: 444 İQTİSADİYYAT TƏHLİL

Məlum olduğu kimi, koronavirus pandemiyası Azərbaycanda yayılmağa başladığı gündən ölkə iqtisadiyyatına böyük məbləğdə ziyan vurub və hazırda da vurmağa davam edir. Bu rəqəmləri tam müfəssəl formada hesablamaq çətindir. 

Hələ aprel ayının sonlarında  gündəlik itkilər təqribən 120-150 milyon manat civarında idi. Ona görə də hazırda pandemiyadan sonrakı dövrdə ölkə iqtisadiyyatını canlandırmaq üçün yollar axtarılır. Pandemiyadan sonrakı dövrün əsas məqsədlərindən biri iqtisadi artımın yeni modelinin həyata keçirilməsidir. 

Maraqlıdır, yeni modelin istiqamətləri nələr olmalıdır?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dünyada gedən proseslərə baxdıqda Azərbaycanın bir çox hallarda dünyada gedən proseslərdən zaman etibarilə gecikdiyimizi görürük:

"Çünki  pandemiyadan da öncə dünyada rəqəmsal iqtisadiyyata, obrazlı desək, onlayn iqtisadiyyata keçid sürətlənmişdi. Təqribən 2010-cu illərin əvvəllərindən yavaş-yavaş bütün ölkələrdə bununla bağlı müəyyən tədbirlər görülürdü və rəqəmsal iqtisadiyyatın təməlləri qoyulurdu. Sadəcə pandemiya bu keçidi və sahəni daha da sürətləndirdi. 

Əvvəllər bir neçə ilə görüləcək işlər indi bir neçə aya  tamamlanmaq üzrə oldu. Azərbaycanda bu sahələrdə müəyyən axsamalar var, rəqəmsal iqtisadiyyatın tətbiqində geri qalırıq. Ümumiyyətlə, ölkə iqtisadiyyatının strukturuna baxdıqda görürük ki, əsas yeri neft-qaz sektoru tutur. 

Sonrakı yerləri təmir-tikinti sektoru, turizmçilik, kafe və restoran, ümumiyyətlə, xidmət sahələri tutur. Belə bir strukturu olan iqtisadiyyatda rəqəmsal iqtisadi modelə keçid  çox çətindir. Çünki rəqəmsal iqtisadi modelin altyapısı olmalıdır. Bunun üçün çox ciddi mütəxəssislər ordusu olmalıdır. Azərbaycanda hələki bununla bağlı ciddi problemlər var. Ümidverici hal ondan ibarətdir ki, bizdə də ən azından bu il ərzində həm onlayn ticarətin həcmi, həm nağdsız ödənişlərin həcmi, həm  dintansion, yəni məsafədən işlə bağlı məsələlərin həllində müəyyən irəliləyişlər var”. 

Ekspert qeyd edib ki, Azərbaycanda onlayn ticarətin dövriyyəsi artıb:

"Bundan başqa nağdsız ödənişlərin həcmi artıb və bu da gələcəkdə rəqəmsal iqtisadiyyata keçid üçün ən azından bir yol xəritəsinin yaradılmasına kömək ola bilər. Amma hələlik açığını  deyək ki, iqtisadi modelin prioritetlərində Azərbaycan dünyanın gedəcəyi yoldan çox geri qalırıq. Bunun səbəbləri təhsil, mütəxəssiz çatışmazlığı, iqtisadiyyatın uzun illər neftdən asılılığının böyük olması ilə də bağlıdır. Neft-qaz sektoru iqtisadiyyatımızda həmişə dominantlıq edib. Ölkəmiz digər sahələrin inkişafında müəyyən dərəcədə ləngimələrə və  zaman itirilməsinə səbəb olub. Ona  görə də Azərbaycanda görüləcək işlər həddən çoxdur. Azərbaycanda rəqəmsal iqtisadiyyatın altyapısı hazırlanmalıdır. Bunun üçün çox ciddi statistik məlumatlar olmalıdır. Deməli, statistika sahəsi çox ciddi şəkildə islahatlara məruz qalmalıdır. Daha çox statistik məlumatlar həqiqəti əks etdirən və reallığı göstərən olmalıdır. Çünki rəqəmsal iqtisadi modeldə statistik modelləşmə önəmli rol oynayır. Bu, gələcəkdə yeni modellərin qurulmasına, dörd sıfır iqtisadiyyatına  keçidlə bağlı baza rolunu oynaya bilər. Əsas məsələlərdən biri statistik məlumatların yeni bir mərhələyə keçməsidir”. 

Azərbaycanda pandemiya zamanı hansı sahələrin üstünlük qazanmasına gəldikdə isə həmsöhbətimiz diqqətə çatdırıb ki, burada əsas rolu onlayn ticarət və evə çatdırılma oynayıb:

"Bu, dünyanın çoxdan keçdiyi bir yol idi, lakin bizdə  pandemiya dövründə inkişaf elədi və rəqəmsal olaraq da görürük ki, bu sahədə kifayət qədər ciddi artım var”.

7News.Az

RƏYLƏR