Əcəmi Naxçıvani küçəsində baş verənlər şəhərsalma yox, piyadaların hüquqlarının kobud şəkildə tapdalanması təsiri bağışlayır
Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində qeydə alınan görüntülər cəmiyyətdə haqlı narazılıq doğurur. Videodan görünür ki, piyadaların hərəkəti üçün nəzərdə tutulan səki ödənişli parklanma zonasına çevrilib, ərazi nişanlanıb və SMS ödəniş lövhəsi quraşdırılıb.
Belə çıxır ki, piyadalar artıq ikinci dərəcəli vətəndaşdır?
Əgər bir səki avtomobillərə verilibsə, bəs insanlar haradan keçməlidir? AYNA bu sualın cavabını verə biləcəkmi? Körpəsini uşaq arabasında aparan ana, əlil arabasından istifadə edən şəxs, yaşlı insan və məktəbli uşaqlar niyə avtomobillərin hərəkət etdiyi yol hissəsinə çıxmağa məcbur edilməlidir?
Bu cür yanaşma şəhərdə parklanmanın təşkili deyil, insanların təhlükəsizliyinin arxa plana atılması təsiri bağışlayır. Piyadanın yeri olan səkini avtomobillərə vermək hansı məntiqə, hansı prinsiplərə və hansı ictimai marağa xidmət edir?
Ən narahatedici məqam isə odur ki, sürücü burada avtomobilini tam qanuni hesab edərək saxlayır. Çünki dövlət qurumu tərəfindən çəkilmiş xətlər və quraşdırılmış nişan bunu göstərir. Nəticədə isə bütün risk piyadanın üzərinə qoyulur. Sabah burada baş verə biləcək hər hansı yol-nəqliyyat hadisəsinin mənəvi məsuliyyətini kim daşıyacaq?
AYNA-nın əsas missiyası təhlükəsiz və rahat hərəkəti təmin etməkdir. Əgər görülən işlər piyadaları yolun hərəkət hissəsinə çıxmağa məcbur edirsə, bu yanaşmanın yenidən qiymətləndirilməsinə ciddi ehtiyac var.
Ümid edirik ki, aidiyyəti qurumlar Əcəmi Naxçıvani küçəsindəki vəziyyəti dərhal araşdıracaq, piyadaların hüquqlarının və təhlükəsizliyinin təmin olunması üçün təxirəsalınmaz tədbirlər görəcəklər. Çünki heç bir ödənişli parklanma layihəsi insan həyatından və təhlükəsizliyindən üstün ola bilməz.
Aran Media
























