Gədəbəydə baş verənlərin əsas günahkarı Muxtar Babayevdir - İDDİA

OXUNUB: 324 Özəl HADİSƏ

7NEWS.az xəbər verir ki, Gədəbəydə son iki gündə baş verən hadisələr müzakirə mövzusudur. Baş nazir bu gün problemi araşdırmaq üçün hökumət komissiyası yaratdı.
Komissiya yəqin sabah Gədəbəydə olacaq. Problemin mahiyyətini öyrənmək üçün bir sıra məlumatlara baxdım. 
Ümumi hay-küyün, narazı notların içindən problemin məğzini tutmağa çalışdım. 

Nə məlum oldu?
1.Gədəbəydə qızıl mədəninin tullantıları üçün 11 il əvvəl qazılmış göl dolub və daşma təhlükəsi yaranıb.
2. Əhali bu gölün daşıb zəhərli suyun Şəmkir çayına töküləcəyindən qorxur. 

3. Şirkət ikinci gölün qazılması üçün hökumətə müraciət edib. Amma camaatın narazılığına görə, bu gölü qazmaqdan imtina olunub. 

4. İkinci gölə görə adamların heyvanlarını otarmaq üçün çıxardıqları örüş yerləri əlçatmaz olub. 

5. Buna görə, sakinlər ikinci gölün qazılmasını istəmir. Burada informasiya "kirliliyi" var: Bələdiyyə sakinlərə deyib ki, örüş torpaqları ikinci gölün qazılması üçün tutulub, icra başçısı bu gün deyib ki, "ikinci göl olmayacaq, bu məlumat yalandır". 

6. İnsanlar birinci göldəki zavodun çirkli tullantılarının ekoloji və sağlamlıq problemləri yaratdığını bəyan edir, kənddə müxtəlif xəstəliklərin yaranmasını, məhsulsuzluğu bununla izah edirlər. 

7. Bütün bunların fonunda ayrı-ayrı sosial motivli tələblər mövzunu  bir-birinə qarışdırır. 

Şirkətin mütəxəssisi deyir ki, göldə təhlükəli sianid yoxdur, müəyyən miqdarda yığılır və motorlarla geri sovrulur. Daha sonra deyir ki, sionid hava ilə tez təmasa girdiyi üçün təhlükəli sayılmır. 

Buna aydınlıq gətirəcək mütəxəssis rəyinə ehtiyac var. 

Bu lokal narazılıq niyə rezonans verib?
Burada əsas məsələ nədir?

Müvafiq icra strukturlarının, Ekologiya Nazirliyinin bu müddət ərzində passivliyi və bu son ildə sakinlərin narazılığını qulaqardına vurması vəziyyəti dramatikləşdirib. 

Ən əsası camaatla danışmaq, məsələni izah etmək üçün ciddi kommunikasiya böhranı olub. İcra strukturları yaxasını kənara çəkməyə üstünlük veriblər. İcra başçısının sakinlərlə bu günkü söhbətində bu tam çılpaqlığı ilə özünü büruzə verdi. 
  
Nəticədə polis Gədəbəyin yamyaşıl, göz oxşayan, gözəl bir məkanında camaatla üz-üzə qalmalı olub. 

İcra hakimiyəti başçısı siyasi postdur. Dövlət başçısının siyasi xəttinə cavabdeh olan yüksək rütbəli məmurdur. Poliqlot olmaq olar, amma xalqın dilini də bilmək əsasdır. 

Ümid edirəm ki, problem tezliklə həllini tapacaq.

RƏYLƏR