Nəzarət-buraxılış məntəqəsinin qurulması güclü siyasi iradənin nəticəsidir - Əli Hüseynli

OXUNUB: 1385 Özəl index-manşet SİYASƏT
Ardı-arası kəsilməyən erməni təxribatlarının qarşısının alınması məqsədilə  23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfi  Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin qurulmasını başa çatdırıb və lazımi infrastrukturla (rabitə, elektrik xətti və s.) təchiz edib. Bu, Ermənistan-Azəbaycan münasibətlərinin nizama salınması fonunda dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir. Belə ki, Ermənistan 10 noyabr üçtərəfli kapitulyasiya bəyannaməsini sonadək yerinə yetirməkdən boyun qaçırır, rəsmi Bakının işəyib-hazırlayaraq qarşı tərəfə təqdim etdiyiı və beynəlxalq hüququn norma və  prinsiplərinə tam şəkildə cavab verən sülh müqaviləsini müxtəlif bəhanələrlə imzalamaqdan yayınır.

 

Ermənistan ordusunun hərbi birləşmələri Azərbaycana məxsus ərazidə silahlı təxribatlar törədir və Azərbaycan ordusunun layiqli cavab tədbirlərindən sonra məğlub duruma düşdüyü üçün qarşı tərəfi günahlandırmaqla Avropa İttifaqının müşahidəçilərini və beynəlxalq təşkilatları çaşdırmağa çalışır. Rəsmi İrəvan demarkasiya və delimitasiya proseslərinin ləngiməsi səbəbindən yaranmış qeyri-müəyyənlikdən sui-istifadə edərək ərazidəki Rusiya sülhməramlılarının dəstəyi ilə öz çirkin niyyətlərini həyata keçirməyə cəhd edirlər, konkret olaraq Qarabağda yerləşən erməni quldur dəstələrini silahlandırmaqda, əraziyə minalar daşınmaqda davam edirlər. 

 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev beynəlxalq tədbirlərdə, çıxışlarında, görüşlərdə hər fürsətdə Ermənistana, Rusiya sülhməramlı kontingentinə bu təxribatların qarşısını qətiyyətlə alacağına və bunun üçün yüksək statusa malik nəzarət-buraxılış-məntəqəsinin təsis ediləcəyinin anonsunu verib. Azərbaycanın heç kimdən çəkinmədən müstəqil siyasət apardığını və beynəlxalq miqyasda güclü mövqeyə sahib olduğunu diqqətə çatdıran dövlətimizin başçısı hər zaman oduğu kimi, bu qərarı ilə həm də sözünün qüdrətini dünyaya nümayiş etdirdi, sözlə əməlin vəhdətinin daha bir nümunəsini ortaya qoydu.

 

Beləliklə, Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi tam obyektiv arqumentlərə əsaslanır, Azərbaycanın suveren və legitim hüququdur. Cənab İlham Əliyevin güclü və inkaredilməz arqumentləri  sülhməramlı missiya ilə Qarabağ ərazisində müvəqqəti nəzarət funksiyasını yerinə yetirən və vasitəçi rolunda çıxış edən Rusiya tərəfinə də ciddi şəkildə çatdırılıb. Onlara məsələnin bu gün üçün bu format əsasında həllinin alternativi olmadığı barədə xəbərdarlıq edilib. Bununla, nəhayət, Ermənistandan Azərbaycan ərazisinə qeyri-qanuni daşınmalara son qoyulur, bu yoldan istifadə etməklə yarana biləcək təxribatların qarşısına aşılmaz sədd çəkilmiş olur. Yaxın zamanlarda həmin yerdə gömrük postunun da qurulacağı barədə qərar verilib. Bu isə öz növbəsində ölkəmizin müstəqilliyini təhdid altına almağa çalışan qüvvələrə sərrast cavabdır. Ölkə rəhbərliyi tərəfindən ardıcılllıqla həyata keçirilən siyasi kurs və atılan diplomatik addımlarla yanaşı güç amilindən də bacarıqla istifadə olunması yekunda tezliklə bütün Qarabağ üzərində Bakının şəriksiz nəzarətinin təmin olunacağına şübhə yeri qoymur.

 

Əli Hüseynli,

Milli Məclisin deputatı

RƏYLƏR